Normal view

Before yesterdaySport-AZ

Nəriman Axundzadə “Atlanta” üzərində qələbəni kənardan izlədi

25 May 2026 at 15:30

Azərbaycanlı hücumçu Nəriman Axundzadə ABŞ klubu “Kolumbus Kru”nun “Atlanta Yunayted”ə qarşı keçirdiyi oyunda iştirak etməyib.

Arena.az xəbər verir ki, sözügedən komanda bu gün MLS-in növbəti turu çərçivəsində “Atlanta Yunayted”i qəbul edib.

Doğma meydanda baş tutmuş oyunda Ohayo təmsilçisi inamlı qələbəyə sevinib – 2:0. ABŞ klubunda 90 nömrəli formanı seçmiş Nəriman bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

“Kolumbus Kru” MLS-in cari mövsümündə keçirdiyi 15 oyundan sonra 16 xalla Şərq Konfransının yarış cədvəlində 15 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. Nərimanın komandası 15 oyunda 4 qələbə qazanıb, 4 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Nəriman Axundzadə bu ilin fevral ayında “Qarabağ”dan 2,5 milyon avro müqabilində “Kolumbus Kru”ya keçib. O, Ohayo ştatını təmsil edən klubla 3,5 illik müqaviləyə imza atıb. Azərbaycanlı futbolçu MLS klubunun heyətində 9 oyun keçirib, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“Qarabağ”ın yetirməsi hesab olan Nəriman Axundzadə 2023-cü ildən Ağdam klubunun əsas komandasında çıxış edirdi. Sağ cinah vingeri “Qarabağ”ın əsas komandasında 127 oyuna çıxıb. O, bu oyunlarda 35 qola imza atıb, 17 məhsuldar ötürmə müəllifi olub.

Azərbaycanın U-19 və U-21 yığmalarında da forma geyinmiş hücumçu 2023-cü ildə əsas millimizdə debüt edib. O, Azərbaycan yığmasının heyətində keçirdiyi 13 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Lionel Messi 10 qolluq oyunda zədə aldı – Video

25 May 2026 at 15:00

Futbol üzrə Argentina milli komandasının hücumçusu Lionel Messi MLS təmsilçisi “İnter Mayami”nin heyətində növbəti oyununa çıxıb.

Arena.az məlumat verir ki, Mayami təmsilçisi MLS-in 2026-cı il mövsümünün növbəti turu çərçivəsində “Filadelfiya Yunion”la qarşılaşıb.

“Vağlar” doğma meydanda baş tutmuş bu oyundan qələbə ilə ayrılıblar – 6:4. Messi start heyətdə meydana çıxsa da, zədələndiyi üçün 73-cü dəqiqədə əvəzlənib. O, komandasının 13-cü və 41-ci dəqiqələrdə vurduğu qollar zamanı məhsuldar ötürmə müəllifi olub.

Mayami təmsilçisinin digər ulduz futbolçusu Luis Suares isə bu matçda 90 dəqiqə mübarizə aparıb və het-trikə imza atıb. German Berterame dubl müəllifi olubsa, sonuncu qolu Rodriqo de Paul vurub.

“İnter Mayami” MLS-in müntəzəm mövsümünün turnir cədvəlində 15 oyundan sonra 31 xalla 2-ci pillədə qərarlaşıb. Mayami təmsilçisi keçirdiyi 15 oyunda 9 qələbə qazanıb, 4 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2028-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” cari mövsümdə 16 oyuna çıxıb, 13 qol vurub, 7 məhsuldar ötürmə verib. Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 104 oyun, 90 qol və 51 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.

Ulduz hücumçu Mayami təmsilçisi ilə Liqalar Kubokunu (2023) qazanıb, MLS-in Şərq Konfransının (2024) qalibi olub, MLS çempionluğunu (2025) bayram edib. Bu, “Leo”nun futbolçu karyerası ərzində qazandığı 48-ci qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 198 oyun keçirib, 116 qol vurub və 64 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

❌
❌