Normal view

Before yesterdayFutbolPress.Az

“Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu

4 June 2026 at 15:25

“Şəfa” klubu Avropa Futbol Klubları (EFC) təşkilatına üzv qəbul edilib.

Futbolpress.az xəbər verir ki, bununla bağlı EFC tərəfindən kluba rəsmi məktub göndərilib.

Məktubda qeyd olunur ki, “Şəfa” artıq Avropanın müxtəlif ölkələrini təmsil edən 800-dən çox klubun yer aldığı böyük futbol icmasının bir hissəsidir. Həmin klubları əməkdaşlıq, inkişaf və futbolun uzunmüddətli uğuru naminə birgə fəaliyyət prinsipi birləşdirir.

EFC rəhbərliyi vurğulayıb ki, təşkilatın əsas məqsədi Avropa futbolunun ən yüksək səviyyəsində çıxış edən klubları bir araya gətirmək, onların maraqlarını təmsil etmək və dəstəkləməkdir. Eyni zamanda, klubların futbolun gələcəyinin formalaşdırılmasında söz sahibi olması üçün şərait yaradılır.

Məktubda “Şəfa”nın üzvlüyünün klubun Avropa futbolunun ortaq gələcəyinə sadiqliyinin göstəricisi olduğu qeyd edilib və təşkilat rəhbərliyi yeni üzvlə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

“Şəfa” yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq.

Kərəmli: “Premyer Liqada işləməyə layiqəm” (MÜSAHİBƏ)

4 June 2026 at 11:43

“Şəfa”nı elitaya çıxaran Elgiz Kərəmli klubla vidalaşıb. Bakı təmsilçisi Premyer Liqada daha təcrübəli məşqçi ilə çalışmaq istədiyi üçün mütəxəssislə yollarını ayırıb.

Kərəmli ilə mövzu və digər məsələlər haqda danışdıq:

– Bir müddətdir, “Şəfa”dan ayrılmısınız. Soyuq başla gedişinizi şərh edərdiniz.
– Komandaya gələndə rəhbərliklə görüşdüm və mənə uzunmüddətli layihələrinin olduğunu dedilər. Mənə də maraqlı gəlmişdi və hədəflərimiz üst-üstə düşürdü. Məqsəd Premyer Liqaya qalxmaq idi. Məncə, işimin öhdəsindən layiqincə gəldim. Sonra isə yollarımız ayrıldı.

– Haqsızlıq olduğunu düşünmürsünüz?
– Mənimlə yolları ayırmaq istədiklərini mətbuatdan öyrəndib. Artıq nəsə deməyə ehtiyac yoxdur, yenidən hədəflərimə çatmaq üçün çalışacam.

– Səbəb təcrübəsizliyiniz göstərilir. Sizcə, məhz bu praktikanı “Şəfa”da keçməli deyildiniz?
– Komandanın bu səviyyəyə çatmasında hər kəsin payı var. Baş məşqçi kimi mənim də rolum böyük idi və düşünürəm ki, Premyer Liqada işləməyə layiqəm. Amma qərar fərqli oldu. Futbolda belə hallar qaçılmazdır. Karyeram sonlanmır, əksinə, daha güclü olmağa çalışacağam.

– Klubun vitse-prezidenti Əfran İsmayılov açıqlamasında bildirib ki, sizə “Atalanta” klubunda təcrübə keçməyi təklif ediblər, ancaq siz “yox” demisiniz…
– İkinci Liqada olan vaxt dedilər ki, səni xarici klublara göndərmək istəyirik. Yəqin, Əfran bəy bunu nəzərdə tutub. Son olaraq mənə köməkçi məşqçi kimi davam etməyimi təklif ediblər, razılaşmamışam.

– Yəni, təklif daha əvvəl olub?
– Əsas təklif köməkçi kimi qalmağım idi. Xarici klubda təcrübə keçmək məsələsi əvvəldən var idi, yenidən təkrarlandı. Belə deyim, köməkçi kimi qalmaq istəmədiyim halda, məni niyə hansısa xarici kluba praktikaya göndərsinlər?

– “Şəfa”da yaşadığınız xəyal qırıqlığı karyeranıza necə təsir edəcək?
– Dayanmaq fikrində deyiləm, yenidən cəhd edəcəyəm. Hədəfim Premyer Liqada işləməkdir.

– Təklif var?
– Hələ konkret bir şey yoxdur.

– Premyer Liqada başqa bir klub köməkçi məşqçi olmağınızı istəsə, cavabınız nə olacaq?
– Təklifdən və klubdan asılıdır.

– “Şəfa” mövsüm bitməmiş Premyer Liqada yerli oyunçularla oynayacağını bildirmişdi, amma indi strategiya dəyişib. Sizcə, elitada yerlilərlə nəsə bacarmaq mümkün deyil?
– Klubun öz strategiyası var. İstənilən halda, heyət gücləndirilməlidir. Premyer Liqada mübarizə fərqli səviyyədədir. Legioner limiti də ləğv olunduğu üçün sırf yerlilərlə bu yarışda olmaq asan deyil. Səviyyəli əcnəbi transferi mütləqdir.

Şahin Cəfərov

❌
❌