Normal view

Today — 19 June 2026ARENA.AZ

İsmael Kone Qətərlə matçda ağır zədə aldı, DÇ ilə vidalaşdı

19 June 2026 at 06:00

Kanada millisinin yarımmüdafiəçisi İsmael Kone dünya çempionatının qrup mərhələsinin 2-ci turunda Qətərlə oyunda ciddi zədə alıb.

Arena.az xəbər verir ki, Vankuverdə keçirilmiş qarşılaşmanın 52-ci dəqiqəsində, hesab 3:0 Kanada komandasının xeyrinə olarkən, Qətər millisinin müdafiəçisi Asim Madibo Koneyə qarşı kobud qayda pozuntusuna yol verib.

Bundan sonra həkimlər dərhal meydana daxil olaraq futbolçuya ilkin yardım göstəriblər. Zədənin ağırlığı səbəbindən Kone meydanı xərəkdə tərk edib. Hadisədən sonra futbolçular arasında gərginlik yaşanıb və qısa müddətli qarşıdurma baş verib.

Kanada yığmasının bəzi üzvləri zədə alan komanda yoldaşına görə göz yaşlarını saxlaya bilməyiblər. Zədənin həddən artıq ciddi olması səbəbindən matçın yayımı zamanı epizodun təkrarının göstərilməməsi qərara alınıb. Çünki qayda pozuntusu zamanı Konenin ayağı qırılıb.

Baş hakim qayda pozuntusuna görə Madibonu birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıb. Qətər millisi oyunu doqquz nəfərlə davam etdirmək məcburiyyətində qalıb. Belə ki, bundan əvvəl komandanın digər üzvü Homam Əl-Əmin də qırmızı vərəqə alaraq meydandan qovulmuşdu.

İtaliyanın “Sassuolo” klubunun formasını geyinən İsmael Kone ağır zədə səbəbindən ən qısa zamanda əməliyyat olunacaq. Onun bərpa müddəti dəqiq bilinməsə də, bu dünya çempionatında bir daha oynamayacağı dəqiqdir.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq.

Before yesterdayARENA.AZ

Alberto Akvilani – “Sassuolo”nun yeni baş məşqçisi!

12 June 2026 at 18:00

İtaliya milli komandasının, “Roma” və “Fiorentina”nın sabiq yarımmüdafiəçisi Alberto Akvilani “Sassuolo”nun baş məşqçisi təyin edilib.

Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir.

41 yaşlı mütəxəssis bu vəzifədə bir neçə gün öncə “Sassuolo”nu tərk etmiş Fabio Qrossonu əvəz edib. Hansı ki, o, bu klubdan ayrılan kimi “Fiorentina”ya baş məşqçi təyin edilib.

Qeyd edək ki, “Sassuolo” İtaliya A Seriyasında 2025/2026-cı illər mövsümünü 49 xalla 11-ci pillədə tamamlayıb. Sözügedən kollektiv 38 oyunda 14 qələbə qazanıb, 7 heç-heçə edib, 17 məğlubiyyətə üzülüb.

Alberto Akvilani isə daha əvvəl İtaliyada “Fiorentina”, “Piza” və “Katanzaro” komandalarını çalışdırıb. O, sonuncu iş yeri olan “Katanzaro”nu məhz “Sassuolo”dan aldığı dəvətə görə tərk edib. Gənc mütəxəssis yeni klubu ilə 2 illik (2028-ci ilin 30 iyununadək) müqavilə bağlayıb.

❌
❌