Dünən SOCAR-ın inzibati binasında AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Əvvəla, İK-nın iclaslarının AFFA-nın binasından kənarda keçirilməsi anlaşılmazdır. Bu, Rövşən Nəcəfin dövründə dəbə minib.
AFFA-nın üzv olduğu UEFA-nın digər üzv assosiasiyalarının heç biri toplantılarını inzibati binadan kənarda keçirmir.
Bu məsələdə hüquqi aspektdən prinsipiallıq olmaya bilər, lakin nəzərə alınmalıdır ki, yerli futbol təşkilatlarının assosiasiyası UEFA-nın mötəbər üzvüdür və bu onların müstəqil qurum olmasına dəlalət edir. Azərbaycanda SOCAR qismində olmaqla, digər yerli ali qurumlarda da himayəçi/sponsor təşkilatlar var, ancaq heç birində qurum himayəçiyə yönəlik bu həddə imic assimlyasiyasına yol vermir. Gələcəkdə bu məsələlərə diqqət yetirmək lazımdır. AFFA-nın iclas və daha mühüm tədbirlərin təşkilatçılığına uyğun olan inzibati binası var. Rövşən bəy isə SOCAR-ın prezidenti olmaqla yanaşı, həm də AFFA-nın prezidentidir və bu iki məsələnin bir-birinə qarışması korporativ etikadan tutmuş, hüquqi kriteriyalaradək uyğun sayılmır.
***
İclasın gündəliyinə nəzər yetirdikdə aydın olur ki, aprelin 3-nə təyin olunan İllik Hesabat Konfransı öncəsi hazırlıq/məşğələ xarakterli iclas keçib. Bir neçə toplantıya qatılmayan Qurban Qurbanovun yenidən sıralara qayıtmasından başqa diqqətçəkan məqam yoxdur.
Haşiyə çıxaq ki, Qurbanovun İK iclaslarından sonra ictimaiyyətə açıqlamalar verməsi digər üzvlərə nəzərən daha çox əhəmiyyətlidir. Lakin biz digər üzvlər kimi, onun da brifinq keçirməməsini görürük.
Ümumiyyətlə, keçmiş AFFA rəhbərliyinin son dönəmindən miras qalan bu hal sonlandırılsa yaxşı olar. AFFA İK-nın iclasları ən mühüm proseslərdən biridir və onun anonsundan tutmuş iclasın icmalınadək – hər detal ictimaiyyətə açıq olmalıdır. Lakin qapalılıq müşahidə olunur və bu anlaşılmaz, hətta qəbulolunmazdır. Məhz bu səbəbdən iclasın gündəliyindəki məsələlər ətrafında müzakirələr zəif gedir, yaxud heç olmur…
İndi isə gündəlikdə müzakirə olunan məsələlərin mahiyyətinə yüngülvari toxunaq.
Niyə yüngülvari?
Çünki predmetlər afişa şəklində açıqlanıb, ondan sonra heç bir təfsilat, geniş açıqlamalar olmayıb.
Məsələn, predmetlərdən birinə nəzər yetirək:
“AFFA-nın baş katibinin müavini Elçin Məmmədov Misli Premyer Liqası klublarının akademiyalarında aparılmış yerində təhlillər üzrə hesabatı təqdim edib”.
Bunu iclasdakı ən vacib mövzulardan biri saymaq olar, lakin bizə məlum deyil;
– Akademiyalarda aparılmış yerində təhlillər hansı məsələləri əhatə edib
– Təhlillərin nəticələri nədir?
– AFFA-nın nəticələrlə bağlı qərarları/mövqeyi nədən ibarətdir.
Gördüyümüz kimi, bu, mətbuat üçün təhlillərə maneə yaradan vəziyyətdir. İctimaiyyətə açıqlılığın pozulması…
“AFFA-nın 2026-cı il üçün büdcəsi müzakirə olunaraq təsdiqlənib”.
Güman ki, büdcə haqqında detallı məlumatlar Hesabat Konfransında açıqlanacaq. Lakin ona hələ iki aya yaxın müddət var. Cari ilin büdcəsində prioritetlərin nədən ibarət olması indidən bildirilməli idi. Futbolun İnkişafına dair yeni proqramın icrası kimi həssas məsələdən tutmuş, Premyer Liqa klublarına verilən dotasiyalara qədər – əksər mövzular açıq qalıb. Qeyd olunanların AFFA-nın büdcəsinə aid olmadığını bildirə bilərlər, lakin prosesin mühümlüyü, əhəmiyyətliliyi nəzərə alınaraq müzakirə və təhlillərə maneə yaradacaq bu qapalılığın anormal hal olduğu aşkara çıxır.
“AFFA-nın baş katibi Cahangir Fərəcullayev Əvəzedicilər Liqasının 2026/2027-ci illər mövsümü üçün statusu barədə geniş məlumat verib. Məsələ ətrafında İcraiyyə Komitəsi üzvləri tərəfindən təkliflər səsləndirilib, yekun qərarın verilməsi üçün Klublar Komitəsinin rəyinin alınmasının məqsədəuyğun olduğu bildirilib”.
Əvəzedicilər Liqasının ləğvi haqda xəbərlərin dolaşmasına rəvac verən durum burdan qaynaqlanır. Çünki məsələ naməlum qalır – “2026/2027-ci illər mövsümü üçün status” deyərkən nəzərdə tutulan nədir? Və bu məsələ İK kimi ali orqanda həll olunmalıykən, əhəmiyyətlilik dərəcəsi məlum olmayan Klublar Komitəsinə niyə həvalə edilməlidir? OK, demokratik yanaşma, plüralizm və s. Ancaq bu nəsnələr kritik məsələlərdə yada düşəndə şübhə oyada bilir.
AFFA yəqin bilir, ictimaiyyət Əvəzedicilər Liqasının ləğvini birmənalı qarşılamır. Ötən il də bu formada gündəmə gələn mövzu ətrafında mətbuatda geniş təhlillər dərc olundu. Liqanın ləğvi ertələndi.
Görünür, AFFA bu məsələdə maraqlıdır. Yenidən gündəmə gələn ləğv məsələsinin əhəmiyyətləri hesablanmadan fəsadları haqda kifayət qədər qeydlər varkən…
Əvəzedicilər Liqasının ləğvi legioner limitinin ləğvindən doğan “yerli futbolçu defisiti” problemini bir az da tətikləyə bilər. Gənc futbolçuların legionerləşmiş Premyer Liqa klublarında özünə maraq yaratmasına çətinliklər var idi, Əvəzedicilər Liqası ləğv olunarsa, yalnız bir alternativ qalır – I Liqa. Onun da səviyyəsi çox aşağıdır.
Əvəzedicilər Liqasından APL klublarına futbolçu inteqrasiyası da ürəkaçan vəziyyətdə deyildi, lakin bu ona əsas vermir ki, liqa ləğv olunmalıdır. Belədə büdcəyə qənaət niyyətindən başqa hansısa əhəmiyyətli arqument qabarmır. O da şübhəli…
Məsələ ətrafında data bilgilər əsasında təhlillər aparılmalı, problemdən çıxış yolları tapılmalıykən ən asan yola əl atmaq yumşaq ifadə edilsə, təqdirəlayiq hal deyil.
Qeyd olunan istiqamətlər üzrə pərakəndə yanaşmalar uğurlu gələcək vəd etmir (Qərarların heç biri data bilgilərə əsaslanmır, geniş müzakirələrə açıq olmayıb – red.) və yaxşı işlər görməyə canfəşanlıq edən AFFA-nı yaxın gələcəkdə sərt tənqidlərin hədəfinə gətirə bilər.
“Misli Premyer Liqası hakimləri üçün nəzərdə tutulan yeni bonus sistemi baş katib Cahangir Fərəcullayev tərəfindən təqdim olunub. Bu sistemin hakimlərin fəaliyyətinin stimullaşdırılmasına və oyunlarda idarəçiliyin keyfiyyətinin artırılmasına xidmət edəcəyi bildirilib. Təklif olunan sistem İcraiyyə Komitəsinin üzvlərinin səsverməsi ilə təsdiq edilib”.
Yeni bonus sistemi nədən ibarətdir? Bu sistemə keçid qərarı hansı ehtiyacdan yarandı? Faydaları nədən ibarət olacaq?
Yenə açıq suallar. Ümumiyyətlə, AFFA-nın katibliyi bu məsələləri ictimaiyyətə ətraflı açıqlaya, təhlil edə biləcək şəxs(lər) müəyyənləşdirməlidir. Mediada intensiv çıxışlarla geniş müzakirələrə nail olunmalıdır. Tarix göstərib, bu halda verilən qərarlar nisbətən daha faydalı olub.
“CBC Sport”, İctimai TV, İdman TV, müstəqil idman mediası… bu məsələlər geniş müzakirə edilməli, yeri gələrsə, akademik təhlillər edilməlidir.
İclasın AFFA-nın saytında açıqlanan gündəliyi “2027-ci ildə Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 Dünya çempionatı ilə əlaqədar ev sahibliyi müqaviləsi təsdiqlənib” bəndi ilə bitir. Əvvəlində “sonda” yazılaraq…
Niyə ki?!
İclasın gündəliyi rəsmi-işgüzar üslubdur, publisistik elementlərə nə gərək?
Diqqətli, dəqiq olmağa ciddi ehtiyac var, cənablar. Kiçik nüanslardakı nöqsanlar böyük işlərdə etimadsızlığa əsas verər.
Sonda qeyd edək ki, U-20 Dünya çempionatı ilə bağlı müqavilənin təsdiqlənməsi mübarək olsun, ancaq həmtəşkilatçı Özbəkistanda işlər başlayıb və bir neçə addım atılıb.
Elçin Cəlilov