Reading view

Karlo Ançelotti: “Pley-offda birlik çox vacibdir”

Braziliya yığmasının baş məşqçisi Karlo Ançelotti dünya çempionatının qrup mərhələsində Şotlandiya millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin sonuncu turu çərçivəsində baş tutmuş bu görüş Braziliyanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Karlo Ançelotti matçdan sonra jurnalistlərə açıqlama verib. Təcrübəli italiyalı mütəxəssis komandasının getdikcə daha yaxşı oyun nümayiş etdirdiyini vurğulayıb:

“Hazırda biz komanda kimi oynayırıq və əsas məqsədimiz də məhz budur. Biz ideal deyilik, üzərində işləməli olduğumuz məqamlar hələ də var. Oyuna nəzarət etdiyimiz zaman bir qədər daha sürətli oynaya bilərik”.

Ançelotti komandanın ilk matçla müqayisədə nəzərəçarpacaq dərəcədə inkişaf etdiyini qeyd edib:

“Mən məmnunam, çünki komanda xeyli irəliləyiş əldə edib və artıq daha uyğun şəkildə çıxış edir. Pley-off oyunlarında birlik çox vacibdir. Biz isə məhz belə bir komandaya sahibik. İlk matçla müqayisədə indi daha az səhv edirik, oyunumuzda daha çox ritm var və hücumda daha effektiv çıxış edirik”.

Braziliyalı hücumçu Vinisius Juniorun matçdakı dubluna da toxunan Ançelotti onun dünya futbolunun ən yaxşı oyunçularından biri olduğunu söyləyib:

“Vinisusun iki qol vurması məni çox sevindirir. Onun dünya çempionatında belə oynaya biləcəyinə heç vaxt şübhə etməmişəm. Millini təmsil etmək onun üçün böyük şərəfdir. O, çox yaxşı çıxış edir, hətta başla da qol vurdu ki, bu, onun üçün nadir haldır. Vini mənim kəşf etdiyim futbolçu deyil. O, ən yüksək səviyyəli oyunçudur və şübhəsiz ki, dünyanın ən yaxşı futbolçularından biridir”.

Şotlandiya yığmasının baş məşqçisi Stiv Klark 0:3 hesablı məğlubiyyətdən sonra komandasının oyunu ilə bağlı məyusluğunu gizlətməyib. Şotlandiyalı mütəxəssis futbolçularının rəqibə çox asan imkanlar verdiyini bildirib:

“Biz özümüz işimizi çətinləşdirdik, məsələ bundan ibarətdir. Rəqibə qollar vurmağa özümüz imkan yaratdıq və onlara istədikləri oyunu hədiyyə etdik. Bu, böyük məyusluqdur”.

Ançelotti: “İstənilən komandaya qarşı rəqabət apara bilərik”

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti dünya çempionatının qrup mərhələsi çərçivəsində Haitiyə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin 2-ci turu çərçivəsində qarşılaşmış bu komandaların görüşü Braziliya millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ançelotti matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:Ə

“Bu, bütöv və keyfiyyətli oyun oldu. Birinci hissədə daha yaxşı çıxış etdik, hücumda daha effektiv idik. İkinci hissədə isə oyuna daha çox nəzarət etdik. Bununla belə, kifayət qədər qol epizodlarımız var idi və daha çox qol vura bilərdik. Bu, yaxşı oyun idi.

Biz Vinisius Junioru mərkəzdə oynatdıq, Duqlas Santos isə cinahda qaldı və Vinisius bu rolda özünü əla tərəfdən göstərdi. Vini təkcə birəbir vəziyyətlərdə təhlükəli deyil. O, yarımmüdafiənin dərinliyindən də hücumlara təhlükə yarada bilir. Mövqelərini dəyişə bilər və digər futbolçular da buna uyğunlaşırlar.

Sağ cinahda isə Rafinya və Rayan Fransisko ilə sabitliyimizi qoruyuruq, çünki istəyirik ki, Danilo bir qədər geridə oynasın.

Biz pley-off mərhələsi haqqında düşünmürük. Hazırda məqsədimiz Şotlandiyaya qarşı oyunda daha yaxşı çıxış etmək, qalib gəlmək və mümkün olsa, qrupda birinci yeri tutmaqdır. Şotlandiyanın özünəməxsus xüsusiyyətləri var və Mərakeşlə oyunda olduğu kimi problemlər yarada bilər. Vacib olan sakitliyi, soyuqqanlılığı qorumaq və işləməyə davam etməkdir.

Bütün oyunlar çətindir. Braziliya Futbol Konfederasiyasında inanırıq ki, istənilən komandaya qarşı rəqabət apara bilərik. Buraya həm Haiti, həm də Fransa daxildir.

Sabah Neymar fərdi məşqlər edəcək, bazar günü isə ümumi qrupla çalışmalara qayıdacaq. Bundan sonra o, Şotlandiya ilə oyun üçün heyətə daxil ediləcək”.

Haiti millisinin baş məşqçisi Sebastyen Minye isə uduzduqları qarşılaşmanı şərh edib:

“Braziliya millisi ilə qarşılaşmağımız bəxtsizlik idi. Sonuncu dəfə dünya çempionatında iştirak etməyimizdən 52 il keçib və bunu nəzərə almalıyıq. Futbolçularımız da burada olmağa layiq olduqlarının fərqindədirlər. Çox yaxşı oyun planımız var idi, lakin ilk su fasiləsindən sonra etdiyimiz səhvlər və top itkiləri bizə baha başa gəldi”.

❌