Mehdi Cənnətov “Sumqayıt”ı “Səbail”ə dəyişdi
Futbol üzrə Azərbaycan milli komandasının sabiq üzvü, 34 yaşlı Mehdi Cənnətov “Sumqayıt” klubundan ayrılaraq “Səbail”ə keçib.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Cənnətovun “Sumqayıt”la müqaviləsinin müddəti bu ayın sonunda başa çatırdı. Tərəflər yeni müqavilə barədə razılığa gələ bilmədikləri üçün təcrübəli qolkiper “Səbail”dən aldığı təklifi qəbul edib. O, yeni klubu ilə 1+1 illik müqaviləyə imza atıb.
Xatırladaq ki, Mehdi Cənnətov Rusiyanın “Anji” klubunun yetirməsidir. O, Rusiyada “Baltika”nın da formasını geyinib. 2017-ci ildə “Sumqayıt”a cəlb edilmiş qapıçı 2021-2023-cü illər aralığında “Zirə”nin də uğurları üçün çalışıb. 2023-cü ildə o, “Zirə”dən ayrılandan sonra yenidən “Sumqayıt”a qayıtmışdı.
Cənnətov “Sumqayıt”ın heyətində 166 oyuna çıxıb, 214 qol buraxıb, 53 matçda qapısını toxunulmaz saxlayıb.
Mehdi 2021-ci ildə debüt etdiyi Azərbaycan milli komandasının heyətində 5 oyun keçirib, 12 qol buraxıb.