Reading view

Patrik Şik milli karyerasını başa vurdu

Almaniyanın “Bayer” klubunun da üzvü olan çexiyalı mərkəz hücumçusu Patrik Şick Çexiya millisindəki çıxışını başa vurduğunu rəsmən açıqlayıb.

Arena.az xəbər verir ki, 30 yaşlı hücumçu bu qərarı Çexiya yığmasının 2026-cı il dünya çempionatındakı uğursuz çıxışından dərhal sonra verib.

Meksika, Cənubi Afrika Respublikası və Cənubi Koreya ilə eyni qrupda mübarizə aparan çexlər cəmi 1 xal toplayaraq turnirin pley-off mərhələsinə yüksələ bilməyiblər.

Şik sosial şəbəkə hesabında paylaşdığı emosional açıqlamada milli komandadakı karyerasına yekun vurduğunu bildirib və Çexiya futbolundakı sistem problemlərinə də toxunub:

“Bu gün milli komandadakı hekayəm başa çatır. Bu qərar ani verilməyib və qəfil yaranmayıb. Uzun müddətdir düşündüyüm və götür-qoy etdiyim bir qərardır. Bu yol emosiyalar, sevinc, məyusluq, qələbələr və çətin anlarla dolu olub. Mən həmişə milli komanda üçün əlimdən gələni etməyə və ölkəmi ən yaxşı şəkildə təmsil etməyə çalışmışam.

Milli komandanın formasında əldə etdiklərimlə qürur duyuram. Eyni zamanda, düşünürəm ki, Çexiya futbolu son illərdə göstərdiyindən daha artığına qadirdir. Uzunmüddətli perspektivdə işləməyən bir çox məsələləri dəyişməyin vaxtı çatıb. Bunu qəzəbdən və ya məyusluqdan demirəm. Sadəcə, Çexiya futbolu mənim üçün önəmlidir”, – deyə Şik qeyd edib.

Qeyd edək ki, təcrübəli forvard Çexiya millisinin heyətində keçirdiyi 56 rəsmi oyunda 26 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.

Patrik Şik ölkəsinin son illərdə yetişdirdiyi ən önəmli hücumçulardan biri hesab olunur. O, hazırda klub karyerasını Almaniyanın “Bayer” komandasında davam etdirir. Hücumçu daha öncə “Roma”, “Sampdoriya”, “Bohemians”, “Leypsiq”, “Sparta” (Praqa) kimi klublarda da çıxış edib.

❌