Reading view

“İstirahət etməmişəm, inanıram ki, daha yaxşı olacağam” (MÜSAHİBƏ)

Azərbaycan milli komandasının sabiq üzvü, son klubu “Səbail” olan Yusif Nəbiyevin “Futbolpress.az“a müsahibəsi:

– Karyeranızla bağlı planlarınız nələrdir?
– Təkliflər var, ancaq hələ qərarımı verməmişəm. Həm I Liqadan, həm Premyer Liqadan maraq olur. Yəqin, yaxın zamanda yeni klubum bilinər.

– Sabiq klubunuz “Kəpəz”dən maraq var. Keçidiniz nə dərəcə realdır?
– Dəqiqləşən nəsə yoxdur deyə, bir şey deyə bilmərəm. Zaman göstərəcək.

– Premyer Liqa klubu ilə anlaşa bilməsəniz, I Liqada oynamağa razı olacaqsınız?
– Açığı, özüm də dəqiq bilmirəm. Fikrim Premyer Liqada oynamaqdır. Alınmazsa, vəziyyətə görə qərar verəcəyəm.

– Demək olar, altı aydır klubsuzsunuz. Bu, formanızı yığmaqda çətinlik yaratmayacaq?
– “Səbail”dən ayrılan gündən məşqlərə davam etmişəm, özümü tonusda saxlamışam. Qidadan tutmuş məşqlərə qədər diqqət etmişəm. İstirahət etməmişəm, inanıram ki, daha yaxşı olacağam.

– Legioner limitinin ləğvindən sonra klublar əcnəbilərə daha çox üstünlük verir. Bunu nəzərə alsaq, elitada oynamaq şansınız az deyil?
– Şans həmişə var, gözləyirəm. Mən özümü maksimum hazır hiss edirəm. Şans olarsa, bundan yararlanacağam.

– Limitin ləğvi barədə nə düşünürsünüz?
– Premyer Liqada rəqabət artıb, ancaq yerli futbolçular oynamaqda çətinlik çəkir. Bu, yaxşı hal deyil. Limitin ləğvi milli komandaya da təsirini göstərir.

– Bunlar fonunda kənardan Azərbaycan futbolunun mənzərəsi necə görünür?
– Limitin ləğvi haqqında çox danışmaq olar, amma qısası deyim ki, yerli oyunçularımızın kənarda qalması yaxşı deyil. Düzdür, liqada rəqabət artdı, maraqlı mövsüm keçdi. “Sabah” çempion oldu, “Qarabağ” Çempionlar Liqasında pley-off oynadı. Bunlara limitin də təsiri var. Amma azərbaycanlı futbolçuların kənarda qalması, az oynaması yaxşı hal deyil.

Şahin Cəfərov

“Zirə”nin kapitanı: “Məqsədimiz Konfrans Liqasında mərhələ adlamaqdır”

“Zirə” Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstanın “Torpedo” klubu ilə qarşılaşacaq. Qəsəbə təmsilçisinin kapitanı Qismət Alıyev “Futbolpress.az“a açıqlamasında püşkü dəyərləndirdi:

“Torpedo” avrokuboklarda təcrübəli komandadır. Oyuna yaxşı hazırlaşıb, mərhələ keçmək istəyirik. Avropada asan oyun, rəqib yoxdur. Onları təhlil edəcəyik.

Bizim də avrokubok təcrübəmiz var. Bu yarışlarda ölkəsinin ən yaxşı komandaları iştirak edir. “Torpedo” vəsiqə qazanıbsa, deməli zəif komanda deyil. Məqsəd yaxşı hazırlıq keçmək və istədiyimiz nəticəni əldə edərək, mərhələ adlamaqdır”.

Qismət “Zirə” ilə müqaviləsini 2028-ci ilin yayına kimi artırıb. Kapitan yeni anlaşma ilə bağlı fikirlərini bölüşdü:

“Altı ildir, “Zirə”dəyəm. Bu klub mənə çox doğmadır və burda özümü xoşbəxt hiss edirəm. Məqsəd komanda ilə titul qazanmaq, böyük hədəflərə çatmaqdır”.

“Zirə” “Torpedo” ilə ilk oyunu iyulun 9-da Bakıda keçirəcək. Cavab görüşü 16-da Kutaisidə olacaq.

Şahin Cəfərov

“Səbail” baş məşqçisini açıqladı

“Səbail” PFK-nın baş məşqçisi vəzifəsinə Elnur Abdullayev təyin edilib.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 40 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Elnur Abdullayevin son iş yeri II Liqada çempion olduğu “Şahdağ Qusar” komandası olub.

“Səbail” yeni mövsümdə I Liqada mübarizə aparacaq.

Özbək futbolçu: “Güclü rəqibə yaxşı müqavimət göstərdik”

Özbəkistan millisinin futbolçusu İqor Sergeyev DÇ-2026-da Kolumbiyaya uduzduqları oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, hücumçu 1:3 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Başa düşürük, Kolumbiya millisi güclüdür. Amma heç-heçə edə bilərdik. Öz səhvlərimizdən qollar buraxdıq və buna görə məyusuq. Məncə, mundialda ilk oyunumuzda güclü rəqibə yaxşı müqavimət göstərdik. Hələ heç nə bitməyib, qarşıda oyunlar var”.

❌