Reading view

Avropa klubu “Qarabağ”ın bir neçə futbolçusu ilə maraqlanır

“Qarabağ” akademiyasının daha bir neçə futbolçusu Avropa klubunun diqqət mərkəzinə düşüb.

Bu barədə akademiyanın meneceri Nail Kərimov “Futbolpress.az“a açıqlamasında bildirdi. O, artıq Əli Bəşirov və daha bir neçə oyunçu üçün rəsmi müraciət aldıqlarını qeyd etdi:

“Hazırda təcrübə proqramları ilə bağlı konkretləşmiş plan yoxdur, amma bu istiqamətdə işlər aparılır. Açığı, bizim tərəfdən xüsusi təşəbbüs yoxdur. Bu yaxınlarda Əli Bəşirov və daha bir neçə futbolçu ilə bağlı müraciət daxil olub. Onları izləyib, bəyəniblər. Danışıqlar nəticə versə, klubun da adı açıqlanacaq. Hazırda bu barədə danışmaq tezdir”.

Kərimoz Fransanın “Strasburq” klubunda baxışda olan Bəşirovla bağlı fikirlərini bölüşdü:

“Əli Bəşirovun “Strasburq”a transferi hazırda gündəmdə deyil. Onun səfəri təcrübə proqramı çərçivəsində baş tutmuşdu. Məqsəd təcrübə qazanması, oradakı şəraitlə yaxından tanış olması idi. “Strasburq” klubunda da onunla bağlı təəssüratlar müsbətdir. Əlinin 18 yaşı hələ tamam olmayıb. Bu kimi səfərlər tanışlıq məqsədi daşıyır. Hazırda transfer məsələsi aktual deyil. Ola bilsin ki, bu mövzu yaxın gələcəkdə yenidən gündəmə gəlsin”.

Şahin Cəfərov

“Qarabağ”ın hücumçusuna 3 ölkədən təklif var

“Qarabağ”ın futbolçusu Kamilo Durana təkliflər var.

Futbolpress.az xəbər verir ki, Meksikadan “Krus Asul” və Braziliya ilə Portuqaliyadan bir neçə klub 24 yaşlı hücumçunun transferində maraqlıdır. Bu barədə Kolumbiya mətbuatı məlumat yayıb.

Duran ötən mövsüm “Qarabağ”da 48 oyunda 15 qol vurub, 10 məhsuldar ötürmə edib.

Bolqarlar “Qarabağ”la oyunu ləğv etdi – SƏBƏB

Bolqarıstanın ÇSKA klubunun “Qarabağ”la planlaşdırılan yoxlama oyunu ləğv edilib.

Futbolpress.az xəbər verir ki, buna səbəb Sofiya təmsilçisinin Avropa Liqasının II təsnifat mərhələsində Azərbaycan təmsilçisinin potensial rəqiblərdən olmasıdır. Klub bu səbəbdən Avstriya toplanışında iyunun 27-nə keçirilməsi nəzərdə tutulan matçı ləğv edib.

“Qarabağ” Avropa Liqasında I mərhələdə İslandiyanın “Vestri” komandası ilə qarşılaşacaq. Azərbaycan təmsilçisi mərhələ adlasa, növbəti raundda ÇSKA – “Derri Siti” (İrlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

“Bazar”ın ən dəyərliləri “Qarabağ”dadır

“Transfermarkt” portalı Misli Premyer Liqasında çıxış edən futbolçuların dəyərlərini yeniləyib.

Futbolpress.az-ın məlumatına görə, “Qarabağ”ın vingeri Leandro Andrade ən bahalı futbolçu olub. Onun “bazar dəyəri” 3.5 milyon avro göstərilib.

Andradenin komanda yoldaşı Mateuş Koxalskinin qiyməti isə 2.5 milyon avroya yüksəlib. Çempionatda bu dəyərdə daha bir futbolçu qeyd edilib. “Sabah”ın sol cinah müdafiəçisi Timoteuş Puxaçın da dəyəri 2.5 milyon avrodur.

Azərbaycan milli komandasının və “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev və “Bursaspor”da çıxış edən Toral Bayramov 2 milyon avro ilə ən dəyərli yerli oyunçu olub.

Misli Premyer Liqasının ən bahalı futbolçuları, “onluq”

1. Leandro Andrade – 3.5 milyon avro
2. Mateuş Koxalski – 2.5 milyon avro
3. Timoteuş Puxaç – 2.5 milyon avro
4. İvan Lepinitsa – 2 milyon avro
5. Kamilo Duran – 2 milyon avro
6. Pedro Bikalyo – 2 milyon avro
7. Elvin Cəfərquliyev – 2 milyon avro
8. Toral Bayramov – 2 milyon avro
9. Kadi Borges – 2 milyon avro
10. Səbuhi Abdullazadə – 1.5 milyon avro.

Şahin Cəfərov

Susqun “İmişli” və digərləri

Misli Premyer Liqası klubları yeni mövsümün çalışmalarına başlayıb. Liqada iştirak edəcək 12 klubdan 11-də artıq gedənlər, gələnlər var. Təkcə “İmişli” susqundur.

Çempionatı 9-cu sırada bitirən komandada qeyri-müəyyənlik var. Baş məşqçi Jorj Kaşkilya son oyundan sonra kluba və Azərbaycana vida edib. Lakin gedişi rəsmən təsdiqlənməyib. Mütəxəssisin adı vaxtaşırı “Sumqayıt” və “Kəpəz”lə hallanıb.

“İmişli” yeni mövsümə dair planlarını da açıqlamayıb. Heyətlə bağlı qeyri-müəyyənlik hökm sürür, nə gələn var, nə gedən. Qarşıda bir aydan çox vaxt olmasına baxmayaraq, toplanışa tez zamanda başlamaq klub üçün daha faydalıdır.

Transferlərdə aktiv isə “Şəfa”dır. Misli Premyer Liqasının debütantı baş məşqçi postuna Zaur Həşimovu gətirib. Bəzi futbolçularla müqavilə uzadılır, azad agent statusu daşıyan yerli oyunçular heyətə cəlb edilir. Ötən mövsümün komandasında yer alan bəzi futbolçular isə yola salınıb.

Çempionlar Liqasında iştirak edəcək “Sabah” və Avropa Liqasında mübarizə aparacaq “Qarabağ” artıq çalışmalara başlayıb. Konfrans Liqasının iştirakçıları “Zirə” və “Neftçi” də yaxın zamanda toplanışa start verəcək. Adıçəkilən klublar arasında yalnız “Neftçi”dən hələlik transfer yoxdur. Əvəzində Murad Məmmədov, Vensan Abubakar, Kristian Kostinlə vidalaşan “ağ-qaralar” əvvəlki mövsümlərdə transferlərdə buraxılan səhvləri təkrarlamamaq istəmir və oyunçu keçidlərində ehtiyatlı davranır.

Avrokuboklardan kənarlaşdırılan “Turan Tovuz”da isə planlar dəyişib. Bir neçə gün əvvəl Türkiyədə toplanışa başlayan klub CAS qərarından sonra burdakı hazırlığı ləğv edib. Tovuz təmsilçisi Bakıya qayıdıb və toplanışa burda davam edəcək.

Mövsümün bitməsiylə Saşa İliçlə vidalaşan “Sumqayıt” da hələ baş məşqçi axtarışındadır. “Kimyaçılar”ın yeni çalışdırıcısı böyük ehtimalla əcnəbi olacaq və məsələnin yaxın zamanda həllini tapması gözlənilir.

Hazırda liqada iştirak edəcək “İmişli” və “Sumqayıt”da baş məşqçi postu boşdur. “Araz-Naxçıvan” “sükanı” Cavid Hüseynova tapşırdı və ötən mövsümün komandasında əsas heyətin demək olar, bütün üzvləri yola salındı. Görünür, naxçıvanlılar yeni mövsümdə ortasıralar uğrunda mübarizə aparacaq.

Şahin Cəfərov

Medinadan təsirli vida: “Bütün anlar heç vaxt unudulmayacaq”

Kevin Medina “Qarabağ”la vidalaşıb.

Futbolpress.az xəbər verir ki, müdafiəçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:

“Bu gün həyatımda və karyeramda iz qoymuş bir klubla vidalaşıram.

“Qarabağ”a gəldiyim ilk gündən məni açıq ürəklə qarşıladılar. Burada möhtəşəm peşəkarlar, dosta çevrilən həmkarlar və hər zaman yanımda olan, dəstəyini əsirgəməyən ehtiraslı azarkeşlər tanıdım.

Bu illər mənim üçün böyük öyrənmə, zəhmət, uğur və inkişaf illəri oldu. Bu formanı geyinmək, bu gerbi təmsil etmək həm şərəf, həm də böyük məsuliyyət idi. Mən də hər zaman meydanda buna sədaqət, hörmət və peşəkarlıqla layiq olmağa çalışdım.

Bu yolun bir hissəsi olan hər kəsə təşəkkür edirəm: klub rəhbərliyinə, məşqçilər heyətinə, klub əməkdaşlarına və ən əsası komanda yoldaşlarıma. Birlikdə yaşadığımız hər an qəlbimdə və yaddaşımda əbədi qalacaq.

“Qarabağ” azarkeşlərinə xüsusi təşəkkürümü bildirirəm. Hər dəstəyinizə, hər mesajınıza, həm yaxşı, həm də çətin günlərdə yanımda olduğunuz üçün minnətdaram. Sizdən gördüyüm sevgi və yaşadığımız bütün anlar heç vaxt unudulmayacaq.

İndi isə yeni bir çağırışa başlamağın vaxtıdır.

Bu böyük klubun tarixinin bir hissəsi olmaqdan qürur duyaraq və sonsuz minnətdarlıq hissi ilə ayrılıram.

“Qarabağ”a gələcəkdə daha böyük uğurlar, yeni nailiyyətlər və daha parlaq bir gələcək arzulayıram. Bu klub həqiqətən də tarix yazan bir klubdur!”.

Medina 2020-ci ildən “Qarabağ”da çıxış edirdi.

“Qarabağ”ın rəqibindən qələbə

“Qarabağ”ın Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Vestri” İslandiya I Liqasında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda “Aeqir”lə qarşılaşıb. Matç “Vestri”nin qələbəsiylə başa çatıb – 3:2.

“Vestri” çempionatda 16 xalla 4-cü sıradadır.

“Qarabağ” islandlarla ilk oyunu iyulun 9-da Bakıda keçirəcək. Cavab görüşü 16-da səfərdə olacaq.

Nail Kərimov: “Mümkün qədər çox oyunçu yetişdirmək vacibdir” (MÜSAHİBƏ)

“Qarabağ” klubunun akademiyasının meneceri Nail Kərimovun “Futbolpress.az“a müsahibəsi:

– Akademiyada mövcud durumu şərh edərdiniz. Başa çatan mövsümdə komandalar hansı nəticələrlə yadda qaldı?
– U-19 komandamız ölkə çempionu oldu, U-13 və U-14 finalda penaltilərdə uduzdu, U-16 və U-17 “üçlük”də yer aldı. U-15 komandamız isə liqanı dördüncü bitirdi. Gərgin, çətin mövsüm keçdi. Maraqlı oyunlar oldu. Liqaların formatında dəyişiklik edilmişdi və rəqabətli matçların sayının artması bunun müsbət nəticələrini göstərdi. Rəqabət artdıqca inkişafın da yolu açılır.

– Akademiyanın əsas funksiyası oyunçu yetişdirməkdir. Bu məsələdə hansı irəliləyişə nail ola bilmisiniz?
– Nəticələri danışırıq, düzdür, amma mümkün qədər çox oyunçu yetişdirmək vacibdir. Bu, bizim üçün prioritetdir. Düşünürəm ki, yaxşı yol qət edirik. Ötən mövsümlə müqayisədə bu il xeyli futbolçuda inkişafı müşahidə etdik. U-17 komandamızın bəzi futbolçuları milli komandalara dəvət aldı, bəziləri isə yuxarı yaş qruplarına cəlb  olundu. U-17-dəki oyunçular əsas komandaya qoşulmasaydılar, böyük ehtimalla bu yaş qrupunda da çempion olardıq. Lakin bizim üçün əsas prioritet onların inkişafı, əsas komandaya uyğunlaşmasıdır.

– Ötən il akademiyaya afrikalı legionerlər cəlb olundu. Bu zərurət nədən yarandı?
– Bu mövsüm U-19 komandamızın heyətində bir neçə legioner çıxış etdi. İki futbolçu Nigeriyadan transfer olunmuşdu. Heyətdə Türkiyə vətəndaşı olan oyunçular da var idi. Bunun isə bir neçə səbəbi var.

Əvvəlcə, məqsəd rəqabəti artırmaqdır. Legionerlərin məşqlərə yanaşması, çalışqanlığı özünü müsbət tərəfdən göstərir. Yerli oyunçularımız da peşəkar olmaq üçün hansı çətinliklərdən keçməyin vacibliyini görürlər. İkincisi, bu futbolçular gələcəkdə əsas komandaya namizəd hesab oluna bilərlər. Yaxşı oyunçular gənc yaşlardan əsas komandaya cəlb olunur. Hazır futbolçunun transferi daha böyük maliyyə tələb edir, ama bu yolla daha aşağı büdcə ilə əsas komandaya oyunçu qazandırmaq mümkündür. Bu məqamları nəzərə alsaq, bu mövsüm legionerlərin cəlbinə üstünlük verdik və düşünürəm ki, bunun nəticəsi də müsbət oldu. Həmin oyunçular özlərini yaxşı tərəfdən göstərdilər. İndi Əvəzedicilər Liqasının reqlamentini gözləyirik. Əgər U-19-da çıxış edən legionerlər tələblərə uyğun gəlsələr, onlara burada da şans verməyi planlaşdırırıq.

– Akademiyada əsas problem mərkəzləşmənin olmamasıdır. Baza məsələsində hansı yenilik var?
– Əvəzedici komandamız Binədə, digərləri Sərhədçi İdman Kompleksində mərkəzləşib. Təmərküzləşmiş şəkildə fəaliyyət göstərməyimizin bir ili oldu və bunun faydalarını gördük. Hamı bir-birinin işindən məlumatlı oldu, komandalar arasında əlaqə yarandı, nəzarət mexanizmi gücləndi. Onu da qeyd edim ki, yeni akademiyanın hazırlanması istiqamətində rəhbərlik tərəfindən işlər aparılır. Hazırda bu barədə ətraflı nəsə demək mümkün deyil. Ümid edirik ki, tezliklə xoş xəbərlər olacaq.

– “Qarabağ” bu il beynəlxalq turnirlərə ən çox komanda göndərən klubdur. Turnirlərdən hansı faydaları götürürsünüz və gələcəkdə yenə bu addımlar atılacaq?
– U-13 komandamız hazırda Bolqarıstanda turnirdədir. Əsas məqsədimiz uşaqların daha çox rəqabətli oyun keçirməsidir. Həm zəif cəhətlərini üzə çıxarsınlar, həm də onların potensiallarını daha yaxından görək. Belə deyim, turnir seçəndə çalışırıq ki, daha keyfiyyətli komandalarla qarşılaşaq və maksimum fayda əldə edək. Buna görə də güclü klubların iştirak etdiyi turnirlərə üstünlük veririk. Komandalarımız bu il 10 beynəlxalq turnirdə çıxış edib. U-19 da Çempionlar Liqasında üç oyun keçirib. Bu, kifayət qədər yaxşı təcrübə qazandırıb.

Klub rəhbərliyi bu məsələdə daim yanımızdadır və lazım olan büdcəni ayırır. Seçdiyimiz istiqamətlər də yaxın və asan səfər edilən məkanlar deyil. Məsələn, U-17 Fransada, U-16 Niderlandda, U-15-lər Qazaxıstanda, U-13-lər hazırda Bolqarıstandadır, U-12 Qazaxıstan və Türkiyə, U-11 isə qarşıda Polşada təşkil olunacaq turnirə hazırlaşır. Bu yarışların bir çoxu şengen zonasına daxil olan ölkələrdə keçirilir ki, bu da kifayət qədər xərc tələb edir. Regionda fəaliyyət göstərən akademiyalar belə turnirlərə çox meyl etmir, amma klub rəhbərliyi məsələyə həssas yanaşır və biz də bunu yüksək qiymətləndiririk. Turnirlərdə iştirakımız növbəti mövsümlərdə də davam edəcək. Bu istiqamətdə danışıqlar aparılır. Məqsədimiz gənc futbolçularımızın zəngin beynəlxalq təcrübə qazanmasıdır.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

❌