Reading view

“Zirə”nin kapitanı: “Məqsədimiz Konfrans Liqasında mərhələ adlamaqdır”

“Zirə” Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstanın “Torpedo” klubu ilə qarşılaşacaq. Qəsəbə təmsilçisinin kapitanı Qismət Alıyev “Futbolpress.az“a açıqlamasında püşkü dəyərləndirdi:

“Torpedo” avrokuboklarda təcrübəli komandadır. Oyuna yaxşı hazırlaşıb, mərhələ keçmək istəyirik. Avropada asan oyun, rəqib yoxdur. Onları təhlil edəcəyik.

Bizim də avrokubok təcrübəmiz var. Bu yarışlarda ölkəsinin ən yaxşı komandaları iştirak edir. “Torpedo” vəsiqə qazanıbsa, deməli zəif komanda deyil. Məqsəd yaxşı hazırlıq keçmək və istədiyimiz nəticəni əldə edərək, mərhələ adlamaqdır”.

Qismət “Zirə” ilə müqaviləsini 2028-ci ilin yayına kimi artırıb. Kapitan yeni anlaşma ilə bağlı fikirlərini bölüşdü:

“Altı ildir, “Zirə”dəyəm. Bu klub mənə çox doğmadır və burda özümü xoşbəxt hiss edirəm. Məqsəd komanda ilə titul qazanmaq, böyük hədəflərə çatmaqdır”.

“Zirə” “Torpedo” ilə ilk oyunu iyulun 9-da Bakıda keçirəcək. Cavab görüşü 16-da Kutaisidə olacaq.

Şahin Cəfərov

“Zirə”də “qapı”ya iki namizəd

Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Zirə” transfer çalışmalarını davam etdirir.

Futbolpress.az-ın məlumatına görə, baş məşqçi Rəşad Sadıqov qapıçı Tyaqo Silvanın ayrılığından sonra heyətə əcnəbi qolkiperin cəlb edilməsini istəyib. Bu mövqeyə əsas namizədlər “İmişli”dən ayrılan Andrey Sinenka və “Şamaxı”nın qapıçısı Rikardo Fernandesdir. Hər iki qolkiperlə danışıqlar davam edir.

“Zirə” yeni mövsümdə Konfrans Liqasında mübarizə aparacaq. Komanda I təsnifat mərhələsində Gürcüstan təmsilçisi “Torpedo” ilə üz-üzə gələcək. “Qartallar” bu rəqibi keçsə, növbəti mərhələdə “Hegelmann” (Litva) – “Paide” (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq.

Şahin Cəfərov

❌