İran millisi dünya çempionatları tarixinə yeni rekordla düşdü
İran millisi futbol üzrə dünya çempionatları tarixində bir matça çıxmış ən yaşlı start heyətinin rekordunu müəyyənləşdirib.
Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin ikinci turunda Belçikaya qarşı keçirilən oyunda İran yığmasının start heyətinin orta yaşı 32 il 181 gün təşkil edib.
Bununla da iranlılar mundiallar tarixində yeni rekordun müəllifi olublar.
Maraqlıdır ki, İran millisinin start heyətində meydana çıxmış futbolçulardan yalnız üçü 30 yaşdan aşağı olub. Bunlar müdafiəçi Saleh Hardani (27 yaş 177 gün), hücumçu Məhəmməd Mohebi (27 yaş 183 gün) və yarımmüdafiəçi Səid Ezzətollahi (29 yaş 263 gün) olub.
Bununla yanaşı, əvvəlki rekord 1998-ci ildən Almaniya millisinə məxsus idi. Həmin vaxt almanlar qrup mərhələsində məhz İran yığmasına qarşı oyuna orta yaşı 31 il 334 gün olan heyətlə çıxmışdılar.
Yeri gəlmişkən, İran millisinin futbolçuları Belçika ilə oyundan sonra sülhə çağırış mesajı yayıblar.
Xatırladaq ki, Los-Ancelesdə baş tutan qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb. İran yığmasının futbolçuları matçdan sonra aşağıdakı mesajı paylaşıblar:
“Min illər əvvəlki qədim Farsdan bu günkü sivilizasiyaya qədər İranın ruhu yaşayır və güclü olaraq qalır. Biz Los-Ancelesə qürur hissi ilə gəldik, şərəflə mübarizə apardıq və ləyaqətlə ayrılırıq.
Qonaqpərvərliyinizə görə təşəkkür edirik, Los-Anceles. Həmçinin bu iki oyun ərzində ürəyini, səsini və ruhunu komandaya verən hər bir iranlıya təşəkkür edirik. Qoy bütün xalqlar arasında sülh, qarşılıqlı hörmət və dostluq hökm sürsün”.
Qeyd edək ki, İran millisi qrup mərhələsinin ilk turunda Yeni Zelandiya ilə 2:2 hesablı heç-heçə edib. İranlılar son turda, iyunun 27-də Misir yığması ilə qarşılaşacaqlar.
DÇ-2026 ABŞ, Kanada və Meksikada keçirilir. İlk dəfə 48 komandanın iştirak etdiyi mundial iyulun 19-da başa çatacaq. Turnirin son qalibi isə Argentina millisidir.