Reading view

De la Fuente: “Bu yanaşmadan çox razıyıq”

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente dünya çempionatının qrup mərhələsində Səudiyyə Ərəbistanına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin 2-ci turu çərçivəsində keçirilmiş oyun İspaniya millisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Luis de la Fuente matçdan sonra təşkil edilmiş mətbuat konfransında fikirlərini paylaşıb. İspaniyalı mütəxəssis komandasının həm taktiki, həm də fiziki baxımdan yaxşı çıxış etdiyini bildirib:

“Birinci hissəni əla keçirdik, ikinci hissədə də yaxşı oynadıq. Ən vacibi odur ki, bu nəticə bizə tempi qorumağa və qarşıdakı vacib matçlara hazırlaşmağa imkan verir. Uruqvaya qarşı bizi çətin və çox gərgin oyun gözləyir.

Biz bunu futbolçularla müzakirə etdik və hamı eyni fikirdə oldu ki, daha vertikal və daha intensiv futbol oynamalıyıq. Bunu zərbələrimizdə də görmək mümkün idi – ilk dəqiqələrdən rəqibə təzyiq göstərir, onları öz cərimə meydançalarına sıxışdırırdıq. Bu yanaşmadan çox razıyıq, lakin inkişaf etməyə və daha da təkmilləşməyə davam etməliyik.

Yamal artıq indi tam gücü ilə oynamaq üçün ideal formadadır. Oyarzabal barədə nə demək olar? Onun kiçik problemləri var idi – hər şeyi açıqlamaq olmaz, amma o, həmişə yüksək səviyyəli oyun nümayiş etdirir. Əlbəttə, matçın necə inkişaf edəcəyini görməli idik, lakin bugünkü qələbə məqsədimizə doğru atılmış vacib addım oldu”.

Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi Giorgos Donis isə qarşılaşmadan sonra rəqibin üstünlüyünü etiraf edib.

“Biz öz cərimə meydançamızda İspaniyanı saxlamaq üçün kifayət qədər güclü deyildik. Həddindən artıq çox səhvə yol verdik. Oyun istədiyiniz kimi getməyəndə və çox qısa müddətdə üç qol buraxanda özünüzə inamınızı itirirsiniz. Belə hallar böyük turnirlərdə tez-tez baş verir.

Hamı görür ki, Yamal kimi futbolçular fərdi keyfiyyətləri və təkbətək epizodlardakı bacarıqları ilə oyunun gedişatını dəyişirlər. O, bunu İspaniya millisində də tez-tez edir və fiziki hazırlığı daha da yaxşılaşdıqca, daha effektiv futbolçuya çevriləcək”.

Byelsa: “Qalib gəlməli olduğumuz oyunda xal itirdik”

Uruqvay yığmasının baş məşqçisi Marselo Byelsa dünya çempionatında Səudiyyə Ərəbistanı millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.

Marselo Byelsa matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Qarşılaşdığımız rəqib məğlub etməli olduğumuz komanda idi. İlk hissədə bəzən gördük ki, işimizi düzgün qurmamışıq. Bu, qalib gəlməli olduğumuz oyun idi. Düşünürəm ki, qələbə qazana bilməməyimizin səbəbi ən yaxşı oyunumuzu göstərə bilməməyimizdir. Məhz buna görə qalib gələ bilmədik. Birinci hissədə ikinci hissədə oynadığımız kimi oynamaq üçün hər şeyimiz var idi, amma bunu yalnız fasilədən sonra bacardıq.

İkinci hissədə oyun dəyişdi. Daha çox variant yarandı, futbolçular hərəkət etmək, topsuz açılmaq və qol vəziyyətləri yaratmaq imkanı əldə etdilər. Futbolda belə hallar olur. Bəzən az sayda qol epizodu yaradırsan, amma qol vurursan. Bəzən isə çoxlu imkanlar əldə etsən də, bundan yararlana bilmirsən”.

Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi Georgios Donis isə güclü rəqibə qarşı çıxış etdiklərini bildirib:

“Təşkilatlanmış müdafiə sərgilədiyimizi və oyun planına sadiq qaldığımızı söyləyə bilərəm. Bu matçda qazanılan 1 xal həqiqətən çox dəyərlidir. Növbəti matçlarda da ən azı eyni uğuru təkrarlamağa çalışacağıq”.

❌