Reading view

Rasmus Höylund “Napoli”də qaldı – 44 milyonluq transfer

“Mançester Yunayted”in danimarkalı mərkəz hücumçusu Rasmus Höylund İngiltərə klubundan birdəfəlik ayrılaraq “Napoli”yə keçib.

Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Neapol təmsilçisi danimarkalı futbolçunu ötən ilin yayında icarə əsasında heyətinə qatmışdı. Hücumçunun uğurlu çıxışı “Napoli”ni onun transfer hüquqlarını da almağa məcbur edib. İtalya klubunun bu transferə görə “Mançester Yunayted”ə 44 milyon avro ödədiyi bildirilir.

Qeyd edək ki, 20 yaşlı forvard başa çatmış mövsümdə “Napoli”nin heyətində 44 oyuna çıxıb, 16 qol vurub, 8 məhsuldar ötürmə verib.

Xatırladaq ki, Höylund “Hörsholm Usseröd” klubunda futbola qədəm qoyub. Ardınca o, “Brondbü”, “Kopenhagen”, “Şturm” (Qrats) və “Atalanta”da çıxış edib.

“Mançester Yunayted” Höylundu 2023-cü ilin avqustunda 73,9 milyon avro müqabilində “Atalanta”dan heyətinə qatmışdı. Danimarkalı hücumçunun İngiltərə nəhəngi ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi.

Höylundun qənimətlər muzeyində “Kopenhagen”lə Danimarka çempionluğu (2021/2022) və “Şturm”la Avstriya Kuboku (2022/2023) var. O, “Mançester Yunayted”lə də 2024-cü ildə İngiltərə Federasiya Kubokunun qalibi olub.

Rasmus Höylund 2022-ci ilin sentyabrında debüt etdiyi Danimarka yığmasının heyətində 34 oyuna 13 qol, 2 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 23 yaşlı hücumçunun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

❌