Reading view

Dik Advokat: “Ekvadorla heç-heçə möcüzəyə bərabərdir”

Kurasao milli komandasının baş məşqçisi Dik Advokat DÇ-2026-nın qrup mərhələsində Ekvador yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların görüşündə qalib müəyyənləşməyib və debütant Kurasao yığması mundiallarda ilk xal sevincini yaşayıb.

Dik Advokat matçdan sonra təşkil edilmiş mətbuat konfransında komandasının göstərdiyi mübarizədən razı qaldığını bildirib:

“Məncə, göstərdiyimiz oyun baxımından bu, həqiqətən də əla matç idi. Oyunun sonunda futbolçuların ayaqlarında yorğunluq hiss olunurdu. Komandamın əzmkarlığına heyranam.

Xoşbəxtlikdən, nəticəni qoruyub saxlaya bildik. Düşünürəm ki, buna layiq idik, çünki bizim də qol vurmaq imkanlarımız oldu. Yaxşı oyun keçirdik. Kurasao üçün Ekvadorla heç-heçə etmək möcüzəyə bərabərdir”.

Ekvador millisinin baş məşqçisi Sebastyan Bekkasese isə qolsuz bərabərliklə yekunlaşan oyundan sonra nəticəyə görə məsuliyyəti öz üzərinə götürüb.

“Futbolda izahı mümkün olmayan şeylər var. Biz qalib gəlmək istəyirdik, amma bunu bacarmadıq. Buna görə məsuliyyət daşıyan şəxs mənəm. Komandama dedim ki, əgər sonadək mübarizə aparırsınızsa və bütün gücünüzü ortaya qoyursunuzsa, sizə heç bir iradım yoxdur.

Nə qədər ki, şansımız var, sona qədər mübarizə aparacağıq. Biz çox sıx birləşmiş kollektivik, bir ailə kimiyik. Heç kim bunun asan olacağını demirdi. Komanda əldə etdiyindən daha artığına layiq idi və buna görə məsuliyyəti mən daşıyıram”.

DÇ-2026: Kurasao millisindən tarixi heç-heçə

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində Ekvador və Kurasao yığmaları üz-üzə gəliblər. Kanzas Sitidə (Missuri, ABŞ) keçirilmiş E qrupunun matçında qapılara qol vurulmayıb – 0:0.

Qeyd edək ki, bu, tarixində ilk dəfə mundiala qatılmış Kurasao yığmasının dünya çempionatlarında ilk heç-heçəsidir.

Xatırladaq ki, bu qrupun digər oyununda Almaniya millisi Kot-d’İvuar yığması üzərində əzmkar qələbəyə sevinib – 2:1.

Hazırda Almaniya yığmasının 6 xalı var və bu komanda növbəti mərhələyə vəsiqəni təmin edib. Kot-d’İvuar milli komandasının 3 xalı var. Ekvador və Kurasao yığmaları isə hərəyə 1 xal toplayıblar.

DÇ-2026
E qrupu
21 iyun

Ekvador – Kurasao 0:0

Kurasao millisi Ginnesin Rekordlar Kitabına düşdü!

Kurasao millisi futbol üzrə dünya çempionatında (DÇ-2026) iştirak edən ən az əhaliyə malik ölkə kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Arena.az xəbər verir ki, sözügedən komanda “Ginnesin Rekordlar Kitabı”nın mətbuat xidməti tərəfindən rekordçu elan olunub.

Karib dənizində yerləşən və Niderland Krallğının tərkibinə daxil olan Kurasaonun əhalisi cəmi 156 min nəfərdir.

Kurasao yığması dünya çempionatları tarixində ilk oyununu iyunun 14-də keçirib. Debüt matçında komanda Almaniya millisinə 1:7 hesabı ilə məğlub olub.

Kurasao 2010-cu ilə qədər Niderland Antillesnin tərkibində olub. Həmin ildən sonra ada Niderland Krallığının tərkibində muxtar dövlət statusu qazanıb.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçirilir. Tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi turnir iyulun 19-da başa çatacaq.

Komandalar 12 qrupa bölünüblər. Hər qrupdan ilk iki yeri tutan yığmalar, həmçinin ən yaxşı nəticə göstərən səkkiz üçüncü yer sahibi pley-off mərhələsinə vəsiqə qazanacaq.

Kurasao millisi E qrupunda Almaniya, Kot-d’İvuar və Ekvadorla mübarizə aparır. Sözügedən komanda növbəti oyununu iyunun 21-də Ekvadora qarşı keçirəcək.

❌