Reading view

Santi Kasorla futbolçu karyerasını başa vurdu

İkiqat Avropa çempionu, İspaniya milli komandasının sabiq yarımmüdafiəçisi Santi Kasorla peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Arena.az xəbər verir ki, 41 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edərək emosional vida mesajı yayımlayıb:

“Mənim hekayəm böyük stadionda başlamayıb. Hər şey Fonsyelloda sadəcə futbol oynamaq istəyən bir uşağın arzusu ilə başladı. Addım-addım irəlilədim, unudulmaz anlar yaşadım, gözləmədiyim çətinliklərlə üzləşdim. Amma heç vaxt dayanmadım. Sonda isə hər şeyin başladığı yerə qayıtdım. Çünki bəzi hekayələr bitmir, əbədi yaşayır”.

Kasorla 2023-cü ildən yetirməsi olduğu “Real Ovyedo” klubunda çıxış edirdi. O, daha əvvəl də 1996–2003-cü illərdə həmin klubun sistemində yetişmişdi.

Təcrübəli yarımmüdafiəçi karyerası ərzində “Vilyarreal”, “Malaqa”, “Arsenal” və “Əl-Sədd” komandalarının da formasını geyinib. O, “Arsenal”ın heyətində üç dəfə İngiltərə Kubokunun, üç dəfə isə İngiltərə Super Kubokunun qalibi olub.

Kasorla İspaniya milli komandası ilə 2008 və 2012-ci illərdə Avropa çempionu adını qazanıb. O, həmçinin 2007-ci ildə İspaniyada ilin futbolçusu seçilib.

Kazorla klub səviyyəsində 774 oyuna çıxıb, 144 qol vurub və 156 məhsuldar ötürmə müəllfi olub. O, İspaniya yığmasının heyətində meydana çıxdığı 81 matçda, 15 qol və 11 məhsuldar ötürməyə imza atıb.

Uzun illər texnikası, oyun quruculuğu və meydandakı liderliyi ilə seçilən Kasorla futbol tarixində iz qoyan yarımmüdafiəçilərdən biri kimi karyerasını başa vurub.

❌