Reading view

Joze Mourinyo “Real”da işə başladı: “Bu klubu sevirəm”

“Real”ın köhnə-yeni baş məşqçisi, 63 yaşlı portuqal mütəxəsssis Joze Mourinyo Madrid təmsilçisinin sükanı arxasında işinə başlayıb.

Arena.az xəbər verir ki, bu barədə “Real”ın mətbuat xidməti məlumat verib.

“Mour” “Real”ın növbəti mövsümə hazırlığı çərçivəsində mövsümöncəsi hazırlıq mərhələsinə başlanğıc verib.

Vuğrulanır ki, 2026-cı ilin dünya çempionatının başa çatması ilə “Mour” “Real”ın tam heyəti ilə növbəti mövsümə hazırlığı daha geniş miqyasda davam etdirəcək.

“Real”ı 2010–2013-cü illərdə çalışdırmış Joze Mourinyo “qaymaqlılar”ı yenidən çalışdrıması ilə bağlı fikirlərini də bölüşüb. O, klub telekanalına açıqlamasında bunları söyləyib:

“Sözlər hisslərimi tam ifadə edə bilməz, çünki bu, mənim üçün bir missiyadır. Məsələ mənim taleyim və ya nə qədər qələbə qazanacağım deyil. Mən futbolçuların, məşqçilər korpusunun və bütün klubun daha da inkişaf etməsinə kömək etmək üçün buradayam. İş mədəniyyəti, məsuliyyət və ambisiya formalaşdırmaq istəyirəm. Mən “Real”da işləmək yox, “Real” üçün işləmək anlayışını sevirəm. Bu, həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Məhz bu düşüncə ilə buradayam”.

Mourinyo qeyd edib ki, mövsümə hazırlıq prosesi onun bazaya gəlişindən xeyli əvvəl başlayıb:

“Biz uzun müddətdir klub rəhbərliyi ilə müxtəlif istiqamətlər üzrə intensiv işləyirik. Müasir texnologiyalar məsafədən də işləməyə imkan verir. Bu gün əsas məqsəd görülən işləri nəzərdən keçirmək və qarşıdakı planları dəqiqləşdirmək idi”.

Təcrübəli çalışdırıcı qarşıdakı iki həftəlik hazırlıq dövründən maksimum faydalanmaq istədiyini də vurğulayıb:

“Əlbəttə, bütün futbolçuların burada olmasını istərdim. Amma vəziyyətə müsbət yanaşıram. Birlikdə işləyəcəyim gənc futbolçuları yaxından tanımaq, onların da məni tanıması üçün yaxşı imkandır. Hazırlıq dövründə “Kastilya”dan da bir çox oyunçu əsas komanda ilə məşq edəcək və mən onların inkişafına da dəstək olmaq istəyirəm. Dünya çempionları da komandaya qoşulacaq. Mən bu klubu sevirəm”.

Tibo Kurtua milli karyerasına fasilə vermək istəyir

Futbol üzrə Belçika milli komandasının təcrübəli qapıçısı Tibo Kurtua yığmadakı çıxışına bir illik fasilə vermək istədiyini açıqlayıb.

Arena.az xəbər verir ki, 34 yaşlı qolkiper bu barədə jurnalist Alberto Pereyroya danışıb.

O bildirib ki, məqsədi dincəldikdən sonra Avropa çempionatının seçmə mərhələsində və final turnirində yenidən milliyə qayıtmaqdır:

“Bir il istirahət etmək, daha sonra isə Avropa çempionatının seçmə oyunlarında və final mərhələsində yenidən oynamaq istəyirəm. Bilmirəm, Belçika millisinin rəhbərliyi bu planı qəbul edəcək, ya yox”, – deyə Kurtua bildirib.

Xatırladaq ki, Belçika yığması DÇ-2026-nın 1/4 finalında İspaniyaya 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Kurtua həmin görüşün 71-ci dəqiqəsində aldığı zədə səbəbindən əvəzlənib.

Tibo Kurtua 2018-ci ildən Madrid “Real”ının formasını geyinir. O, “kral klubu” ilə üç dəfə İspaniya çempionu, iki dəfə UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və İspaniya Super Kubokunun qalibi olub. Bundan başqa, o, İspaniya Kubokunu, klublararası dünya çempionatını və FIFA Qitələrarası Kubokunu da qazanıb. Karyerası ərzində “Genk”, “Çelsi” və “Atletiko”nun da şərəfini qoruyub.

Təcrübəli qapıçı Belçika millisinin heyətində 2018-ci il dünya çempionatının bürünc medalını qazanıb. O, 2023–2025-ci illərdə isə keçmiş baş məşqçi Domeniko Tedesko ilə yaşadığı münaqişəyə görə milli komandada çıxış etməmişdi. Tedesko ötən ilin yanvarında vəzifəsindən ayrılıb, onu bu postda indiki baş məşqçi Rudi Qarsiya əvəz edib.

Tibo Kurtua dünya çempionatlarında yeni rekorda imza atdı

Belçika millisinin qapıçısı Tibo Kurtua dünya çempionatları tarixində ən çox oyun keçirən qapıçılar sırasında ikinci pilləyə yüksəlib.

Arena.az xəbər verir ki, 34 yaşlı qolkiper DÇ-2026-nın 1/4 final mərhələsində İspaniyaya qarşı matça start heyətində çıxmaqla mundiallardakı 21-ci oyununu keçirib.

Bununla da Kurtua bu göstəricidə Fransa millisinin sabiq qapıçısı Uqo Lyorisi (20 oyun) geridə qoyaraq təkbaşına ikinci pilləyə yüksəlib. Rekord isə Almaniya millisinin heyətində dünya çempionu olmuş Manuel Noyerə məxsusdur. Təcrübəli qolkiper dünya çempionatlarında ümumilikdə 23 oyunda meydana çıxıb.

Tibo Kurtua 2018-ci ildən Madrid “Real”ının formasını geyinir. O, “kral klubu” ilə üç dəfə İspaniya çempionu, iki dəfə UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və İspaniya Super Kubokunun qalibi olub. Bundan əlavə, bir dəfə İspaniya Kubokunu, klublararası dünya çempionatını və Qitələrarası Kuboku qazanıb.

Belçikalı qapıçı karyerası ərzində “Genk”, “Çelsi” və Madrid “Atletiko”sunda da çıxış edib. O, Belçika millisinin heyətində 2018-ci il dünya çempionatının bürünc medalını qazanıb.

Kilian Mbappe zədələndi – DÇ-nin yarımfinalını buraxacaq?

Futbol üzrə Fransa milli komandasının hücumçusu Kilian Mbappe DÇ-2026-nın 1/4 final mərhələsində Mərakeşə qarşı keçirdikləri oyunda zədə alıb.

Arena.az xəbər verir ki, 26 yaşlı futbolçu görüşün 77-ci dəqiqəsində zədələndiyi üçün əvəzlənib.

Madrid “Real”ına məxsus oyunçu meydanı öz ayağı ilə tərk edib və tribunadakı azarkeşləri alqışlayaraq onlara təşəkkürünü bildirib. Onun zədəsinin nə dərəcədə ciddi olduğu ətraflı müayinələrdən sonra müəyyənləşəcək. Amma böyük ehtimalla bu, ona növbəti matçda iştirak etməyə problem yaratmayacaq.

Mbappe özü də Mərakeşlə oyunda aldığı zədənin ciddi olmadığını bildirib:

“Topuğuma zərbə dəydi, amma hər şey qaydasındadır”, – deyə fransalı futbolçu M6 telekanalına açıqlamasında bildirib.

Xatırladaq ki, Fransa yığması Mərakeşlə görüşdə 2:0 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib. Mbappe bu matçda bir qol vurub, bir məhsuldar ötürmə edib, eyni zamanda qazandığı penaltini qola çevirə bilməyib. Onun 28-ci dəqiqədə yerinə yetirdiyi 11 metrlik cərimə zərbəsini Mərakeş millisinin qapıçısı Yasin Bunu dəf edib.

Kilian Mbappe hazırda Argentina millisinin kapitanı Lionel Messi ilə birlikdə DÇ-2026-nın ən sərrast futbolçusudur. Hər iki oyunçunun aktivində 8 qol var.

Fransa millisi yarımfinalda İspaniya – Belçika cütünün qalibi ilə qarşılaşacaq.

“Betis” “Real”ın müdafiəçisi Fran Qarsiyanı transfer etdi

İspaniyanın “Betis” klubu La Liqanın digər təmsilçisi Madrid “Real”ının sol cinah müdafiəçisi Fran Qarsiyanın transferini rəsmən açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə Sevilya klubunun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı futbolçu yeni klubu ilə 2030-cu ilin yayına qədər nəzərdə tutulmuş müqavilə imzalayıb. “Betis” bu transfer üçün paytaxt klubuna 4 milyon avro ödəyib. Razılaşmaya əsasən, “Real” futbolçunun gələcək satışından əldə olunacaq məbləğin 50 faizini almaq hüququnu da özündə saxlayıb.

“Real”ın yetirməsi olan Fran Qarsiya 2023-cü ildən Madrid təmsilçisinin əsas komandasında çıxış edirdi. Bu müddətdə o, komandanın heyətində 109 oyuna çıxıb, 3 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Fran bir neçə mövsüm “Rayo Valyekano”da da çıxış edib – 122 oyun, 5 qol, 8 məhsuldar ötürmə.

Qarsiya 2023-cü ildə debüt etdiyi İspaniya millisində də 2 oyun keçirib.

“Transfermarkt” internet-portalı 26 yaşlı müdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

❌