Reading view

Gilyermo Almada – “Real Ovyedo”nun yeni baş məşqçisi

Futbol üzrə İspaniya La Liqasında mübarizə aparan “Real Ovyedo” komandasını bundan sonra Gilyermo Almada çalışdıracaq.

Arena.az bu barədə İspaniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

59 yaşlı argentinalı mütəxəssislə imzalanmış müqavilə 2025/2026-cı illər mövsümünün sonunadək nəzərdə tutulub. Təbii ki, Almadanın işi uğurlu olsa, yayda onunla yeni müqavilə imzalanacaq.

Xatırladaq ki, Almada bu mövsüm “Real Ovyedo”nu çalışdıracaq üçüncü mütəxəssisdir. Komanda mövsümə Velko Paunoviçlə başlamış, amma oktyabrda onunla yollarını ayırmışdı. Paunoviçi əvəz etmiş Luis Karrion isə ötən gün postundan kənarlaşdırılmışdı.

Sözügedən komanda bu mövsüm La Liqada keçirdiyi 16 oyunda cəmi 2 qələbə qazanıb, 6 heç-heçə edib və 7 məğlubiyyətə üzülüb. “Real Ovyedo” topladığı 10 xalla 20 iştirakçı arasında 19-cu pillədə qərarlaşıb.

Gilyermo Almada son olaraq “Valyadolid”i çalışdırıb. Argentinalı mütəxəssis bu ilin yayından çalışdırdığı komandadan məhz “Real Ovyedo”dan aldığı təklifə görə ayrılıb. O, “Paçuka”, “Santons Laquna”, “Barselona SC”, “River Pleyt” (Montevideo), “Takuarembo” və “Proqreso” kimi klublarda da baş məşqçi kimi çalışıb.

Luis Karrion da “Real Ovyedo”dan qovuldu

Futbol üzrə İspaniya La Liqasında mübarizə aparan “Real Ovyedo” komandasının baş məşqçisi Luis Karrion istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

İdarə Heyətinin səbr kasasını daşıran səbəb, komandanın məşqçinin rəhbərliyi altında keçirdiyi 8 oyunda bir dənə də olsun qələbə qazana bilməməsidir. Son zərbə isə “Sevilya”dan alınmış ağır məğlubiyyət olub – 0:4.

İndi klub qısa bir zamanda yeni baş məşqçi tapmalıdır, çünki artıq bu həftənin sonunda İspaniya çempionatının növbəti turunda “Real Ovyedo” öz meydanında “Selta” (Viqo) ilə qarşılaşacaq.

Komanda hazırda La Liqanın turnir cədvəlində 19-cu pillədə qərarlaşıb və vəziyyəti düzəltmək üçün təcili dəyişikliklərə ehtiyac var.

Xatırladaq ki, Luis Karrion bu ilin oktyabr ayının 10-da “Real Ovyedo”nun sükanı arxasına keçmişdi. Onunla imzalanmış müqavilə 2025/2026-cı illər mövsümünün sonunadək nəzərdə tutulmuşdu.

Karrion “Las Palmas”, “Kartaxena”, “Numansiya”, “Melilya” və “Kordoba”nın da baş məşqçisi olub. İspaniyalı mütəxəssis 2023/2024-cü illər mövsümündə də “Real Ovyedo”ya rəhbərlik edib. Bu komanda onun rəhbərliyi altında həmin vaxt 42 oyun keçirib, 20 qələbə, 11 heç-heçə, 11 məğlubiyyət görüb.

❌