Reading view

Olavio Juninyo “Flamenqo”nu Meksika klubuna dəyişdi

“Qarabağ”ın sabiq futbolçusu, braziliyalı mərkəz hücumçusu Olavio Juninyo bundan sonra karyerasını Meksikada davam etdirəcək.

Arena.az xəbər verir ki, “Pumas” klubu 29 yaşlı hücumçunun transferini açıqlayıb.

Braziliyalı forvard yeni komandası ilə rəsmi müqavilə də imzalayıb.

Xatırladaq ki, Juninyo 2025-ci ilin əvvəlində “Qarabağ”dan ayrılaraq Braziliya təmsilçisi “Flamenqo”ya keçmişdi. O, sözügedən klubun heyətində 32 oyuna çıxıb, 4 qola imza atıb.

Olavio Juninyo 2023-cü ilin yayından “Flamenqo”ya keçənə qədər “Qarabağ”ın formasını geyinib. Braziliyalı forvard bu müddətdə 81 oyunda 42 qol vurub. O, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) matç keçirib. Braziliyalı futbolçu Azərbaycan klubu ilə ölkə çempionu və kubokun qalibi olub.

Tam adı Olavio Vieyra dos Santos Junior olan Juninyo karyerası ərzində “Fiqeyrense”, “Brazil Pelotas”, “Eştoril”, “Novorizontino”, “Atletiko Paranaense”, “Vila Nova”, “Şaveş” və “Portimonense” kimi klubların da formasını geyinib.

“Transfermarkt” internet-portalı 29 yaşlı hücumçunun transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.

❌