Burnu sınan Canluka Mançini maska ilə oynayacaq
“Roma”nın müdafiəçisi Canluka Mançini İtaliya A Seriyasının 23-cü turunda, “Udineze”yə qarşı keçirdikləri oyunda (0:1) zədələnib.
Arena.az “Sky Sport Italia” nəşrinə istinadən xəbər verir ki, matçın ilk hissəsində burnu sınan 29 yaşlı futbolçu görüşü sonadək belə davam etdirib.
Matçdan sonra Mançini əməliyyat olunub və qarşıdakı oyunlarda qoruyucu maska ilə çıxış edəcək.
Xatırladaq ki, Canluka Mançini 2019-cu ildən “Roma”da forma geyinir. O, indiyə qədər bu komandanın heyətində meydana çıxdığı 304 oyunda 19 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub. Mərkəz müdafiəçisi daha öncə “Peruca” və “Atalanta”da çıxış edib.
29 yaşlı futbolçu 2019-cu ildə debüt etdiyi İtaliya milli komandasında 18 oyun keçirib, 2 qol vurub.
“Transfermarkt” internet-portalı italiyalı müdafiəçinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.