Eldar Tağızadə “Barselona”ya lazım olmadı
Azərbaycanın U-21 yığmasının keçmiş qapıçısı Eldar Tağızadə müqavilə ilə məxsus olduğu “Barselona”dan yenidən ayrı düşüb.
Arena.az xəbər verir ki, İspaniya nəhəngi azərbaycanlı qolkiperi icarəyə göndərib.
“Barsa”nın ikinci komandasında çıxış etmiş 22 yaşlı qapıçı bundan sonrakı karyerasını Sloveniyanın “Bıstritsa” klubunda davam etdirəcək. Onun aşağı liqa klubu ilə icarə müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulub. Tağızadə artıq yeni komandasının məşqlərinə qoşulub.
Xatırladaq ki, Eldar Tağızadə 2024-cü ilin avqustunda İspaniya nəhəngi “Barselona” ilə müqavilə bağlayıb. Daha öncə İspaniyanın “Luqo Polvorin” klubunda çıxış etmiş azərbaycanlı qolkiper Kataloniya nəhənginə azad agent kimi qoşulub. “Barselona” ilə Tağızadə arasında imzalanmış rəsmi müqavilənin müddəti 2026-cı ilin iyun ayına qədərdir. Müqaviləyə əsasən, gənc qolkiper Kataloniya klubunun ikinci komandasının – “Barselona Atletik”in qapısını qoruyacaqdı. Lakin o, qısa müddət sonra İspaniyanın aşağı liqa klublarından olan “Tudelano”ya icarəyə verilmişdi.
Tağızadə “Neftçi”nin yetirməsidir. O, 2019-cu ildə paytaxt klubundan ayrılaraq İspaniyanın “Marset” futbol akademiyasına keçib. 2021-ci ilin yanvarında Fransanın “Klermon” klubuna qoşulmuş futbolçu “Luqo Polvorin”də də forma geyinib.
Xatırladaq ki, Tağızadə vaxtilə Azərbaycanın U-19 yığmasında cəmi 2 oyun keçirib.