Əşrəf Aşırov Vyetnamda çempion oldu
Çimərlik güləşi üzrə Azərbaycan milli komandasının üzvü Əşrəf Aşırov Dünya Seriyasının ilk mərhələsində qızıl medala sahib çıxıb.
Arena.az xəbər verir ki, Vyetnamın Dananq şəhərində çimərlik güləşi üzrə yeni mövsümə start verilib.
Həftəsonu keçirilən Dünya Seriyasının ilk mərhələsində baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında ölkəmizi 4 güləşçi təmsil edib. Millimiz Vyetnamdan 1 dəst medala sahib çıxıb.
Əşrəf Aşırov (90 kq) çimərlik güləşində uğurlu debütü ilə diqqət mərkəzinə düşüb. Qrup mərhələsində maksimum nəticə göstərmiş həmyerlimiz yarımfinalda yunanıstanlı Mixail Akritidisə, finalda isə gürcüstanlı İuza Tsertsvadzeyə 3:1 hesabıyla qalib gələrək çempion olub.
Sahib Dadaşov (80 kq) qrup 2-cisi kimi yarımfinala vəsiqə qazanıb. O, yarımfinalda fransalı Huqo Kuenoya şans tanımayıb – 3:0. Finalda gürcüstanlı Luka Çxitunidzeyə minimal fərqlə (1:2) məğlub olan Dadaşov gümüş medalı boynundan asıb.
Rübail İbrahimli (70 kq) də qrup ikincisi kimi adını yarımfinala yazdırıb. Güləşçimiz finalın bir addımlığında rusiyalı Konstantin Topşinoyevə 0:1 hesabıyla məğlub olsa da, fransalı Kuentin Stikeri (2:1) üstələyərək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
Dörd çəkidən üçündə təmsil olunan millimiz 60 xal toplayaraq, komanda hesabında Gürcüstan (71) və Ukraynadan (65) sonra 3-cü yeri tutub.