59 yaşlı Kadzuyosi Miura daha bir il oynamağa qərar verdi
Yaponiyalı veteran futbolçu Kadzuyosi Miura peşəkar karyerasını davam etdirmək qərarına gəlib və “Yokohama” ilə yeni müqavilə imzalayıb.
Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir.
“Kral Kazu” ləqəbi ilə tanınan hücumçu məxsus olduğu “Yokohama” klubu ilə yeni 1 illik müqavilə imzalayıb.
Klubun yaydığı məlumata görə, 59 yaşlı futbolçu növbəti mövsümü icarə əsasında Yaponiya üçüncü liqasında çıxış edən “Fukuşima Yunayted” komandasında keçirəcək.
Beləliklə, qarşıdakı mövsüm Miuranın peşəkar futbolçu karyerasında 42-ci mövsüm olacaq.
Təcrübəli hücumçu 2005-ci ildən “Yokohama”nın futbolçusudur. O, müxtəlif dövrlərdə icarə əsasında Yaponiyanın “Suzuka Point Getters” və “Atletiko Suzuka”, Avstraliyanın “Sidney”, həmçinin Portuqaliyanın “Oliveyrense” komandalarında çıxış edib.
Miura zəngin karyerası ərzində Braziliyanın “Palmeyras”, “Koritiba” və “Santos”, Xorvatiyanın “Dinamo” (Zaqreb), eləcə də İtaliyanın “Cenoa” klublarının da formasını geyinib.
O, klub səviyyəsində iki dəfə Yaponiya çempionu olub. Miura həmçinin Yaponiya millisinin heyətində 1992-ci ildə Asiya Kubokunun qalibi adını qazanıb.
Qeyd edək ki, Kadzuyosi Miura peşəkar futbol tarixinin ən uzunömürlü oyunçularından biri hesab olunur və hələ də aktiv futbolçu karyerasını davam etdirir.