Reading view

Loris Karius “Şalke” ilə yeni müqaviləyə imza atdı

“Şalke”nin 32 yaşlı almaniyalı əsas qapıçısı Loris Karuis “şaxtaçılar”la 2027-ci ilin yayında başa çatacaq müqaviləsinin müddətini uzadıb.

Arena.az xəbər verir ki, Kariusun əcnəbi klublardan təklifləri olsa da, o, Almaniya Bundesliqasına qayıtmış “Şalke”də qalmağa qərar verib.

Tərəflər arasında imzalanmış yeni müqavilənin müddəti 2028-ci ilin 30 iyununadək nəzərdə tutulub.

Xatırladaq ki, Loris Karius peşəkar karyerasına Almaniyanın “Maynts” klubunda başlayıb. O, 2016-cı ildə məhz bu klubdan “Liverpul”a transfer olunub. Amma alman qolkiper İngiltərə nəhəngində əsas heyət oyunçusuna çevrilə bilməyib. 2018-2020-ci illərdə Türkiyənin “Beşiktaş” klubunda icarədə oynamış Karius, 2020/21 mövsümündə “Union Berlin”də icarədə olub. 2022-2024-cü illər aralığında “Nyukasl”da çıxış etmiş alman qolkiper 2025-ci ilin yanvarından “Şalke”də forma geyinir. 32 yaşlı qapıçı bu komandanın heyətində bütövlükdə 35 oyuna çıxıb, 33 qol buraxıb, 14 matçda qapısını toxunulmaz saxlayıb.

Karius Almaniyanın U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

❌