Reading view

Markinyos DÇ-də erkən vidaya görə azarkeşlərdən üzr istədi

Braziliya millisinin kapitanı Markinyos dünya çempionatının (DÇ-2026) 1/8 finalında Norveçə məğlubiyyətdən sonra azarkeşlərdən üzr istəyib.

Arena.az xəbər verir ki, 32 yaşlı müdafiəçi komandasının oyunda kifayət qədər qol imkanları yaratdığını, lakin bunlardan yararlana bilmədiyini bildirib:

“Çox səhv etdik və yaratdığımız imkanlardan istifadə edə bilmədik. Penalti də vurduq, başqa fürsətlərimiz də oldu. Dünya çempionatında daha az səhv edən komanda növbəti mərhələyə yüksəlir”.

PSJ-nin futbolçusu Norveç millisinin hücumçusu Erlinq Halandın yüksək məhsuldarlığını da xüsusi qeyd edib:

“Bu gün Norveç komandası yaratdığı qol imkanlarından maksimum yararlandı”.

Markinyos komandanın uğursuzluğuna görə məsuliyyəti təcrübəli futbolçuların üzərinə götürməli olduğunu vurğulayıb:

“İndi məsuliyyəti öz üzərimizə götürməliyik. Mən kapitan kimi, həmçinin təcrübəli futbolçular gələcək nəslin daha rahat işləyə bilməsi üçün bu məsuliyyəti daşımalıyıq.

Braziliya xalqından, bizi dəstəkləmək üçün bura gələn və bu məğlubiyyətin şahidi olan hər kəsdən üzr istəyirəm. Səhvlərimizdən nəticə çıxarmalıyıq. Qarşıdakı dünya çempionatına qədər dörd il vaxt var. Yeni nəsil bu müddətdə inkişaf edib növbəti mundialda daha böyük uğurlar qazana bilər”.

Qeyd edək ki, Braziliya millisi Norveçə 1:2 hesabıyla məğlub olmaqla son 36 ildə ilk dəfə dünya çempionatında 1/4 finala yüksələ bilməyib. Beşqat dünya çempionu sonuncu dəfə 1990-cı ildə mundialla 1/8 final mərhələsində vidalaşmışdı.

❌