Poçettino: “Bu, fantastik oyun idi”
ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino dünya çempionatının qrup mərhələsi çərçivəsində Avstraliyaya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin 2-ci turu çərçivəsində üz-üzə gəlmiş bu komandaların oyunu ABŞ millisinin 2:0 hesablı qələbəsi ilə bitib.
Bu nəticə sayəsində ABŞ yığması vaxtından əvvəl pley-off mərhələsinə vəsiqə qazanıb.
Poçettino matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Bu, fantastik oyun və çox yaxşı keçən ilk hissə idi. Düşünürəm ki, meydanda üstün tərəf biz idik.
Çox çətin matç gözləyirdim, xüsusilə də dekabr ayında onlarla heç-heçə etdiyimizi nəzərə alsaq. Azarkeşlərimiz adına çox sevinirəm.
Kristian Pulişic zədə səbəbindən oynaya bilmədi. Amma turniri qazanmaq istəyiriksə, bizə bütün komanda lazımdır”.
Avstraliya millisinin baş məşqçisi Toni Popovic də oyundan sonra komandasının çıxışını dəyərləndirib:
“Bilmirəm, bəlkə də səbəb mövcud vəziyyət idi, amma biz ləng və çevik olmayan təsir bağışlayırdıq.
Rəqib daha sürətli, daha güclü idi, bütün ikili mübarizələri və ikinci topları qazanırdı. Belə olduqda oyunun tempini tutmaq çox çətinləşir və nəticədə iki asan qol buraxdıq.
Hesab edirəm ki, ikinci hissədə komandamız çox yaxşı reaksiya verdi. Azarkeşlərin yaratdığı böyük təzyiq və səs-küy fonunda futbolçular ikinci hissədə nəyə qadir olduqlarını göstərdilər”.