Reading view

Santyaqo Ximenes yenə sıradan çıxdı

Futbol üzrə Meksika yığma komandasının və İtaliyanın “Milan” klubunun mərkəz hücumçusu Santyaqo Ximenes yenə uzun müddətə sıradan çıxıb.

Arena.az bu barədə İtaliya klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Ximenes DÇ-2026-nın 1/8 final mərhələsində İngiltərə yığmasına qarşı oyunda zədələnib və meydanı xərəkdə tərk etməli olub. Vurğulanır ki, əzələ bağlarının ikinci dərəcəli gərilməsi ilə üzləşmiş Ximenes 2 ay müddətinə yaşıl meydanlardan kənarda qalmalı olacaq.

Xatırladaq ki, Argentinada dünyaya göz açmış Santyaqo Ximenes Meksikanın “Krus Asul” klubunun yetirməsidir. 2022-2025-ci illər aralığında Niderlandda “Feyenoord”un uğurları üçün çalışmış hücumçu “Milan”a 2025-ci ilin fevralında 30,2 milyon avro müqabilində keçib. Onun İtaliya klubu ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi var.

Ximenes “Milan”ın heyətində indiyə qədər 37 oyuna çıxıb, 7 qol və 6 məhsuldar ötürmə müəllifi olub.

Ximenes 2021-ci ilin oktyabr ayında debüt etdiyi Meksika yığmasında 51 oyuna çıxıb, 6 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.

Rafael Markes – Meksika millisinin yeni baş məşqçisi!

Rafael Markes dünya çempionatından (DÇ-2026) sonra Meksika millisindən ayrılmış Xavyer Aqirrenin əvəzində bu komandaya baş məşqçi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə Meksika Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

47 yaşlı mütəxəssislə 2030-cu ilə qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. O, DÇ-2026-da komandanın 1/8 finalda mübarizəni dayandırmasından sonra vəzifəsindən ayrılmış Xavyer Aqirreni əvəzləyib.

Rafael Markes futbolçu karyerası ərzində “Atlas”, “Monako”, “Barselona”, “Nyu-York Red Bulls” və “Verona” klublarının formasını geyinib. O, 1997–2018-ci illər aralığında çıxış etdiyi Meksika millisində 148 oyuna çıxıb, 17 qol vurub, 7 assistlə yadda qalıb. O, həmçinin beş dünya çempionatında iştirak edib.

Xatırladaq ki, “Barselona”nın sabiq müdafiəçisi peşəkar karyerasını bitirdikdən sonra Kataloniya klubunun əvəzedici komandasına rəhbərlik edib. O, 2024-cü ildən Meksika yığmasında baş məşqçinin köməkçisi kimi fəaliyyət göstərirdi.

Qeyd edək ki, Meksika millisi DÇ-2026-da 1/8 finala qədər irəliləmiş, bu mərhələdə İngiltərəyə 2:3 hesabı ilə uduzaraq turnirlə vidalaşmışdı.

❌