Reading view

Rövlan Muradov “Zirə”yə lazım olmadı – Rəsmi

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Zirə” klubu daha bir futbolçusu – yarımmüdafiəçi Rövlan Muradov ilə də yollarını ayırıb.

Arena.az bu barədə paytaxt klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

28 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Onun “Zirə” ilə 2027-ci ilin 30 iyununadək sözləşməsi mövcud idi.

Xatırladaq ki, Rövlan Muradov 2025-ci ilin yayında “Sumqayıt”dan “Zirə”yə transfer olunmuşdu. Yarımmüdafiəçi qəsəbə təmsilçisinin heyətində cəmi 15 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Rövlan karyerası ərzində “Qəbələ”, “Sumqayıt”, “Slaviya” (Praqa, B komandası), “Qarabağ” kimi klublarda da çıxış edib.

“Zirə” daha öncə Ceyhun Nuriyev, Stefan Akka, Eldar Quliyev, Leroy Mikels, Rüfət Abdullazadə, Tyaqo Silva, Anatoli Nuriyev və Ayron Qomislə də yollarını ayırmışdı. Amin Seydiyev, Maykon Kleyton, Ayxan Hüseynov və Vieyrinyanı heyətinə qatmış qəsəbə təmsilçisi Eren Aydın, Davit Volkov, Aydın Bayramov Elçin Əlicanov, Enrike Kustodio və Qismət Alıyevlə də yeni müqavilə bağlayıb.

❌