Reading view

Ehtiram Şahverdiyev “Səbail”də!

Bu yay “Kəpəz”dən azad agent kimi ayrılmış sağ cinah müdafiəçisi Ehtiram Şahverdiyev bundan sonra “Səbail”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Səbail”in mətbuat xidmətinə istinadən xəbər verir.

29 yaşlı futbolçu yeni klubu ilə 1+1 illik müqaviləyə imza atıb.

Xatırladaq ki, Ehtiram Şahverdiyev son iki mövsümü “Kəpəz”də keçirib. O, 2023-cü ilin iyul ayında “Turan Tovuz”dan Gəncə klubuna keçmişdi. Müdafiəçi Gəncə təmsilçisinin heyətində bütövlükdə 105 oyun keçirib, 3 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Şahverdiyev daha öncə “Turan Tovuz”, “Sumqayıt” və “Qəbələ”də oynayıb. O, Azərbaycanın U-21 yığmasında da forma geyinib.

Qeyd edək ki, “Səbail” ötən mövsüm olduğu kimi, qarşıdakı mövsümdə də Birinci Liqada mübarizə aparacaq.

Fuad Bayramov “Zirə”ni “Səbail”ə dəyişdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-21) sol cinah müdafiəçisi Fuad Bayramov “Zirə”dən ayrılaraq “Səbail”ə keçib.

Arena.az xəbər verir ki, bu barədə “Səbail”in mətbuat xidməti məlumat yayıb.

Xəbərdə vurğulanır ki, 2026/2027-ci il mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” Premyer Liqada “Şamaxı” və “Zirə”nin formasını geyinmiş Fuad Bayramovu heyətinə qatıb. 28 yaşlı cinah müdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Fuad Bayramov Premyer Liqada “Şamaxı” və “Zirə”nin heyətində ümumilikdə 75 oyuna çıxıb, 6 qol vurub və 9 qol ötürməsi edib. O, “Şüvəlan” və “Turan Tovuz” klublarında da forma geyinib.

Xatırladaq ki, “Səbail” yeni mövsümdə də Birinci Liqada mübarizə aparacaq.

Vüsal Əliyev və Cavad Qurbanlı “Səbail”də!

2026/2027 mövsümündə də Birinci Liqada mübarizə aparacaq “Səbail” heyətini daha 2 futbolçu – Vüsal Əliyev və Cavad Qurbanlı ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Səbail” son olaraq Birinci Liqa təmsilçisi “Şahdağ Qusar”da çıxış etmiş bu iki futbolçu ilə 1 illik müqavilə bağlayıb.

Vüsal Əliyev “Zirə”nin yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi 2025-ci ilin sentyabr ayından “Şahdağ Qusar”da çıxış edirdi. 23 yaşlı futbolçu vaxtilə Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında da forma geyinib.

Cavad Qurbanlı isə “Neftçi”nin yetirməsidir. 24 yaşlı futbolçu mərkəz müdafiəçisidir. O, karyerası ərzində “Zirə-2” və “Zaqatala”da da çıxış edib. Müdafəçi 2025-ci ilin sentyabrından “Şahdağ Qusar”ın uğurları üçün çalışırdı.

“Səbail” bu yay sabiq oyunçularından Bahadur Həziyev, Rubin Seyidov, Vüsal Məsimov və Zeynəddin Abdurrahmanovu heyətinə qaytarmış, həmçinin “Sumqayıt”dan Mehdi Cənnətovu, “İmişli”dən Abbas Ağazadəni, “Mingəçevir”dən isə Kənan Quliyevi transfer edib.

❌