Reading view

Dik Advokat: “Ekvadorla heç-heçə möcüzəyə bərabərdir”

Kurasao milli komandasının baş məşqçisi Dik Advokat DÇ-2026-nın qrup mərhələsində Ekvador yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların görüşündə qalib müəyyənləşməyib və debütant Kurasao yığması mundiallarda ilk xal sevincini yaşayıb.

Dik Advokat matçdan sonra təşkil edilmiş mətbuat konfransında komandasının göstərdiyi mübarizədən razı qaldığını bildirib:

“Məncə, göstərdiyimiz oyun baxımından bu, həqiqətən də əla matç idi. Oyunun sonunda futbolçuların ayaqlarında yorğunluq hiss olunurdu. Komandamın əzmkarlığına heyranam.

Xoşbəxtlikdən, nəticəni qoruyub saxlaya bildik. Düşünürəm ki, buna layiq idik, çünki bizim də qol vurmaq imkanlarımız oldu. Yaxşı oyun keçirdik. Kurasao üçün Ekvadorla heç-heçə etmək möcüzəyə bərabərdir”.

Ekvador millisinin baş məşqçisi Sebastyan Bekkasese isə qolsuz bərabərliklə yekunlaşan oyundan sonra nəticəyə görə məsuliyyəti öz üzərinə götürüb.

“Futbolda izahı mümkün olmayan şeylər var. Biz qalib gəlmək istəyirdik, amma bunu bacarmadıq. Buna görə məsuliyyət daşıyan şəxs mənəm. Komandama dedim ki, əgər sonadək mübarizə aparırsınızsa və bütün gücünüzü ortaya qoyursunuzsa, sizə heç bir iradım yoxdur.

Nə qədər ki, şansımız var, sona qədər mübarizə aparacağıq. Biz çox sıx birləşmiş kollektivik, bir ailə kimiyik. Heç kim bunun asan olacağını demirdi. Komanda əldə etdiyindən daha artığına layiq idi və buna görə məsuliyyəti mən daşıyıram”.

❌