Tərlan Quliyev daha bir il “Şəfa”da! – Rəsmi
2026/2027-ci illər mövsümündə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Şəfa” kapitanı Tərlan Quliyev ilə müqavilə müddətini uzadıb.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, təcrübəli müdafiəçi yeni 1 illik sözləşməyə imza atıb. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti bu yay başa çatmışdı.
34 yaşlı futbolçu 2025-ci ilin yanvarından komandanın formasını geyinir. O, iki mövsüm ərzində “Şəfa”nın İkinci Liqadan Premyer Iiqaya qədər yüksəlməsində əsas pay sahiblərindən biri olub.
Tərlan Quliyev daha öncə “Şamaxı”, “Neftçi”, “Kəpəz”, “Turan Tovuz”, “Sumqayıt”, “Qarabağ” və “İmişli”də də çıxış edib. Təcrübəli mərkəz müdafiəçisi vaxtilə Azərbaycanın U-19, U-21 yığmalarında oynayıb, əsas millimizdə isə 7 oyun keçirib.
“Şəfa” bu yay Rauf Hüseynli, Nicat Mehbalıyev, Arsen Ağcabəyov və Murad Musayevi heyətinə qatıb, Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Hüseyn Mürsəlov, Aqil Nəsibov və Amir Ebrahimzade ilə yollarını ayırıb.