Talqat Baysufinov Qazaxıstan millisindən ayrıldı
Qazaxıstan Futbol Federasiyası (KFF) bu ölkənin milli komandasının baş məşqçisi olan 57 yaşlı mütəxəssis Talqat Baysufinov ilə yolları ayırıb.
Arena.az xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, təcrübəli mütəxəssis milli komandanın baş məşqçisi postunu tərk etmək qərarı verib. Federasiyanın yaydığı açıqlamada Talqat Baysufinovun Qazaxıstan futbolunun inkişafına verdiyi töhfə xüsusi vurğulanıb.
“Qazaxıstan Futbol Federasiyası Talqat Maruanoviçə peşəkarlığına, işinə sədaqətinə və Qazaxıstan millisinin inkişafına verdiyi böyük töhfəyə görə təşəkkür edir, ona gələcək peşəkar fəaliyyətində uğurlar arzulayır”, – deyə federasiyanın bəyanatında bildirilir.
Qeyd edək ki, Talqat Baysufinov müxtəlif dövrlərdə bir neçə dəfə Qazaxıstan millisinin baş məşqçisi vəzifəsində çalışıb. O, 2025-ci ilin oktyabrında növbəti dəfə Qazaxıstan yığmasının “sükanı arxasına” keçmişdi. Onun rəhbərliyi altında komanda DÇ-2026-nın final mərhələsinə vəsiqə qazana bilməyib.
Qeyd edək ki, bu, 57 yaşlı mütəxəssisin Qazaxıstan millisinə rəhbərlik etdiyi 3-cü dövr olub. O, 2016-2017 və 2020-2022-ci illərdə də yığmanı çalışdırıb.