İbrahima Konate rəsmən “Real”da!
Bu yay “Liverpul”dan azad agent kimi ayrılmış Fransa yığmasının mərkəz müdafiəçisi İbrahima Konate Madrid “Real”ına keçib.
Arena.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı futbolçu yeni klubu ilə 4 illik (2030-cu ilin 30 iyununadək) müqavilə bağlayıb.
Xatırladaq ki, İbrahima Konate Fransanın “Soşo” klubunun yetirməsidir. O, 2017-ci ildən 2021-ci ilə qədər “Leypsiq”in (Almaniya) uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi “Liverpul”a 2021-ci ilin iyul ayında 40 milyon avro müqabilində məhz “Leypsiq”dən keçmişdi.
Fransalı futbolçu “Liverpul”un heyətində 183 oyuna çıxıb. O, bu oyunlarda 7 qola imza atıb, həmçinin 4 məhsuldar ötürmə müəllifi olub.
Fransa yığmasının üzvü “Liverpul”la 5 titul qazanıb. O, 2 dəfə (2022 və 2024-cü illərdə) İngiltərə Liqa Kubokunun, 1 dəfə İngiltərə Premyer Liqasının (2024/2025), 1 dəfə İngiltərə Federasiya Kubokunun (2022), 1 dəfə də İngiltərə Super Kubokunun (2022/2023) qalibi olub.
İbrahima Konate Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb. Müdafiəçi 2022-ci ilin iyun ayında əsas millidə debüt edib. O, yığma komandanın heyətində meydana çıxdığı 28 oyunda 1 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 27 yaşlı müdafiəçinin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.