Rudi Qarsiya: “Bizdə hücumda effektivlik çatışmırdı”
Belçika millisinin baş məşqçisi Rudi Qarsiya dünya çempionatının qrup mərhələsində İranla qolsuz heç-heçə etdikləri (0:0) oyunu şərh edib.
Arena.az xatırladır ki, belçikalılar görüşün son 30 dəqiqəsini Natan Nqoyun qırmızı vərəqə alaraq meydandan qovulmasından sonra azlıqda keçiriblər.
Rudi Qarsiya matçdan sonra jurnalistlərə açıqlamasında növbəti xal itkisinə belə şərh verib:
“Bizə hücumda effektivlik çatışmırdı. Məhz belə bir oyun gözləyirdim: təxminən 70 faiz topa sahib olmaq, çoxlu cinah ötürmələri və zərbələr. Çərçivəyə düşən zərbələrimiz oldu, amma rəqib qapıçını kifayət qədər çətin vəziyyətə sala bilmədik. On nəfərlə oynamaq da bizə müsbət emosiyalar vermədi.
Biz əvvəllər də bu üslubda oynamışıq və adətən ən azı üç qol vurmuşuq. Bu, dünya çempionatına bir qədər ləng start verməyimizin tərkib hissəsidir. Bəzən bir qədər tərəddüdlü görünürdük. Bununla belə, indi Yeni Zelandiya ilə matçda hansı nəticəyə ehtiyacımız olduğunu dəqiq bilirik”.
İran millisinin baş məşqçisi Amir Qalenoy isə Belçika ilə heç-heçəni ədalətli nəticə kimi qiymətləndirib:
“Düşünürəm ki, bu, çox maraqlı və gərgin oyun oldu. Hər iki komanda qələbəyə layiq idi, hər ikisi üç xal qazana bilərdi. Bütün futbolçulara, xüsusilə də qapıçı Əli Beyranvanda səmimi təşəkkürümü bildirmək istəyirəm”, – deyə iranlı mütəxəssis bildirib.
Qalenoy həmçinin turnir zamanı komandasının üzləşdiyi viza məhdudiyyətləri və çətin şəraitlə bağlı FIFA-nı və ABŞ hakimiyyətini ictimai şəkildə tənqid etməyə davam edib.