Normal view

Before yesterdaySport-AZ

Stiv Klark DÇ-2026-dakı uğursuz çıxışa görə istefa verdi

28 June 2026 at 13:00

Futbol üzrə Şotlandiya milli komandasının baş məşqçisi Stiv Klark DÇ-2026-dakı uğursuz çıxışdan sonra vəzifəsindən istefa verib.

Arena.az xəbər verir ki, bu barədə Şotlandiya Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

62 yaşlı mütəxəssisin istefası komandanın DÇ-2026-da uğursuz çıxışından sonra baş tutub. Şotlandiya yığması C qrupunda keçirdiyi üç oyundan yalnız birində qələbə qazanıb. Komanda Mərakeşə 0:1, Braziliyaya isə 0:3 hesabı ilə məğlub olub, Haiti üzərində isə minimal hesablı (1:0) qələbə əldə edib.

Şotlandiya qrup mərhələsini 3 xalla üçüncü pillədə başa vursa da, Xorvatiyanın Qananı 2:1 hesabı ilə məğlub etməsindən sonra ən yaxşı üçüncü yerləri tutan komandalar sırasına düşmək şansını itirib və bununla da mundialla vidalaşıb.

Qeyd edək ki, Stiv Klark 2019-cu ildən Şotlandiya millisini çalışdırırdı. Onun rəhbərliyi altında komanda 28 ildən sonra ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanmışdı. Stiv Klarkın rəhbərliyi altında 81 oyun keçirmiş Şotlandiya yığması bu görüşlərdə 38 qələbə qazanıb, 14 heç-heçə edib, 29 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, mundial zamanı istefaya göndərilən məşqçilər arasında Tunis millisinin sabiq baş məşqçisi Sabri Lamuşi də var. O, komandasının ilk turda İsveçə 1:5 hesablı məğlubiyyətindən sonra vəzifəsindən uzaqlaşdırılmışdı.

Karlo Ançelotti: “Pley-offda birlik çox vacibdir”

25 June 2026 at 05:00

Braziliya yığmasının baş məşqçisi Karlo Ançelotti dünya çempionatının qrup mərhələsində Şotlandiya millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin sonuncu turu çərçivəsində baş tutmuş bu görüş Braziliyanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Karlo Ançelotti matçdan sonra jurnalistlərə açıqlama verib. Təcrübəli italiyalı mütəxəssis komandasının getdikcə daha yaxşı oyun nümayiş etdirdiyini vurğulayıb:

“Hazırda biz komanda kimi oynayırıq və əsas məqsədimiz də məhz budur. Biz ideal deyilik, üzərində işləməli olduğumuz məqamlar hələ də var. Oyuna nəzarət etdiyimiz zaman bir qədər daha sürətli oynaya bilərik”.

Ançelotti komandanın ilk matçla müqayisədə nəzərəçarpacaq dərəcədə inkişaf etdiyini qeyd edib:

“Mən məmnunam, çünki komanda xeyli irəliləyiş əldə edib və artıq daha uyğun şəkildə çıxış edir. Pley-off oyunlarında birlik çox vacibdir. Biz isə məhz belə bir komandaya sahibik. İlk matçla müqayisədə indi daha az səhv edirik, oyunumuzda daha çox ritm var və hücumda daha effektiv çıxış edirik”.

Braziliyalı hücumçu Vinisius Juniorun matçdakı dubluna da toxunan Ançelotti onun dünya futbolunun ən yaxşı oyunçularından biri olduğunu söyləyib:

“Vinisusun iki qol vurması məni çox sevindirir. Onun dünya çempionatında belə oynaya biləcəyinə heç vaxt şübhə etməmişəm. Millini təmsil etmək onun üçün böyük şərəfdir. O, çox yaxşı çıxış edir, hətta başla da qol vurdu ki, bu, onun üçün nadir haldır. Vini mənim kəşf etdiyim futbolçu deyil. O, ən yüksək səviyyəli oyunçudur və şübhəsiz ki, dünyanın ən yaxşı futbolçularından biridir”.

Şotlandiya yığmasının baş məşqçisi Stiv Klark 0:3 hesablı məğlubiyyətdən sonra komandasının oyunu ilə bağlı məyusluğunu gizlətməyib. Şotlandiyalı mütəxəssis futbolçularının rəqibə çox asan imkanlar verdiyini bildirib:

“Biz özümüz işimizi çətinləşdirdik, məsələ bundan ibarətdir. Rəqibə qollar vurmağa özümüz imkan yaratdıq və onlara istədikləri oyunu hədiyyə etdik. Bu, böyük məyusluqdur”.

❌
❌