Normal view

Yesterday — 11 July 2026Sport-AZ

ABL-də 2026/27 mövsümünə nə vaxt start veriləcək?

11 July 2026 at 18:00

Azərbaycan Basketbol Liqasında (ABL) 2026/2027-ci illər mövsümünün yarış formatı, iştirak şərtləri və əsas normativ dəyişiklikləri açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının (ABF) mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, yeni mövsümə 2026-cı il oktyabrın 3-də start veriləcək. 8 komanda 3 dövrədən ibarət müntəzəm çempionatda, ümumilikdə 21 tur ərzində mübarizə aparacaq. Müntəzəm mövsüm başa çatdıqdan sonra turnir cədvəlində ilk iki yeri tutmuş komandalar birbaşa yarımfinala vəsiqə qazanacaqlar. 3, 4, 5 və 6-cı yerləri tutmuş komandalar isə “pley-in” mərhələsində iştirak edəcəklər.

Yarımfinal və final mərhələləri maksimum beş oyundan ibarət seriya formatında keçiriləcək. Yarımfinal seriyasında ən tez üç qələbə qazanmış komanda finala yüksələcək. Final seriyasında da ən tez üç qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu elan olunacaq.

Müntəzəm mövsümü 7-ci və 8-ci pillələrdə başa vurmuş komandalar isə daha yüksək pillədə qərarlaşmış klubun meydanında keçiriləcək “pley-out” oyununda qarşılaşacaqlar. Qalib komanda növbəti mövsüm üçün ABL-də iştirak hüququnu qoruyacaq.

2025/2026-cı illər mövsümünün yekununa əsasən, yeni mövsümdə “Sabah”, “Landau Lions”, “Gəncə”, “Neftçi” İK, “Şəki”, “Naxçıvan”, “Ordu” və NTD klubları iştirak hüququ qazanıblar. Bu komandalardan hər hansı biri iştirak üçün tələb olunan sənədləri təqdim etmədiyi və ya Əsasnamədə (2026/2027) müəyyən edilmiş inzibati və idman tələblərinə cavab vermədiyi halda, ABF ötən mövsümü 9–12-ci yerlərdə başa vurmuş klublar arasında dəvət prosesinə başlayacaq.

Yeni mövsümdə də oyunlar əvvəlki mövsümdə olduğu kimi, “4+1” qaydası ilə keçiriləcək. Hər bir komanda oyun ərzində meydanda eyni vaxtda ən azı 1 yerli basketbolçunun iştirakını təmin etməlidir. Bununla yanaşı, ABL-də iştirak edən hər bir klub mövsüm başlamazdan əvvəl ABF-də ən azı 5 yerli basketbolçunu qeydiyyatdan keçirməlidir.

❌
❌