Denzel Dumfris “Real”da! – Rəsmi
Futbol üzrə Niderland millisinin və “İnter”in sağ cinah müdafiəçisi Denzel Dumfris bundan sonra “Real”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə İspaniya nəhənginin rəsmi saytına istinadən xəbər verir.
Madrid təmsilçisinin rəsmi açıqlamasına əsasən, 30 yaşlı sağ cinah müdafiəçisi ilə 2030-cu il iyunun 30-dək nəzərdə tutulmuş müqavilə imzalanıb. Transferin maliyyə şərtləri açıqlanmayıb. Amma İspaniya və İtaliya mətbuatında bu keçidin 20 milyon avroya razılaşdırıldığı vurğulanır.
Denzel Dumfris “İnter”ə 2021-ci ilin avqust ayında 14,25 milyon avro məbləğ müqabilində PSV-dən keçmişdi. Yarımmüdafiəçinin “neradzurri” ilə 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olan müqaviləsi var idi.
Dumfris “İnter”in heyətində 207 oyuna çıxıb, 27 qol vurub, 28 məhsuldar ötürmə verib. O, Milan təmsilçisinin heyətində iki dəfə İtaliya çempionu, üç dəfə İtaliya Kubokunun, üç dəfə isə İtaliya Super Kubokunun qalibi adını qazanıb. Bundan əlavə, müdafiəçi “İnter”lə iki dəfə UEFA Çempionlar Liqasının finalında iştirak edib.
Niderlandlı futbolçu “İnter”dən öncə PSV, “Herenven” və “Sparta” (Rotterdam) klublarının da şərəfini qoruyub. O, “Sparta” ilə 2016-cı ildə Niderland İkinci Liqasının qalibi olub.
Denzel Dumfris 2018-ci ilin oktyabrında debüt etdiyi Niderland yığmasının heyətində 76 oyuna 11 qol, 25 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermakrt” internet-portalı 30 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.