Normal view

Before yesterdaySport-AZ

Tyaqo Silva yenidən “Fluminense”də – Rəsmi

23 June 2026 at 23:00

Bu yay Portuqaliyanın “Portu” klubundan azad agent kimi ayrılmış 41 yaşlı braziliyalı mərkəz müdafiəçisi Tyaqo Silva yenidən “Fluminense”yə qayıdıb.

Arena.az xəbər verir ki, bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat yayıb.

41 yaşlı müdafiəçi komandaya azad agent kimi qoşulub. Tərəflər arasında imzalanmış müqavilənin müddəti 2026-cı ilin dekabr ayının sonuna qədər nəzərdə tutulub.

Xatırladaq ki, Tyaqo “Portu”ya 2026-cı ilin yanvarında məhz “Fluminense”dən keçmişdi. Təcrübəli futbolçu Portuqaliya nəhənginin heyətində 2025/2026-cı illər mövsümündə 14 matça çıxıb və ölkə çempionu adını qazanıb.

Silva üçüncü dəfə doğma klubuna qayıdır. O, “Fluminense”nin heyətində bütövlükdə 186 oyun keçirib, 18 qol və 5 məhsuldar ötürmə müəllifi olub.

Silva karyerası ərzində Avropada “Milan” (İtaliya), PSJ (Fransa) və “Çelsi”nin (İngiltərə), Braziliyada “Fluminense” və “Yuventude”nin də formasını geyinib.

Tyaqo Silva 2008-ci ilin oktyabrında debüt etdiyi və mütəmadi olaraq kapitan sarğısını daşıdığı Braziliya millisinin heyətində 113 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə verib. Müdafiəçi “selesao” ilə 2012 Konfederasiyalar Kubokunu, 2019 Amerika Kubokunu qazanıb, həmçinin zədələnərək ehtiyatda qaldığı DÇ-2014-də fəxri 4-cü yeri tutub. Bununla yanaşı, Silvanın medal kolleksiyasında 2021 Amerika Kubokunun gümüş, Yay Olimpiya Oyunlarının bürünc (2008) və gümüş (2012) medalları var.

“Transfermarkt” internet-portalı 41 yaşlı futbolçunun tansfer dəyərini 500 min avro məbləğində qiymətləndirir.

❌
❌