Murad Məmmədov rəsmən “Pafos”da!
Azərbaycanın U-21 yığmasının və “Neftçi”nin sağ vingeri Murad Məmmədov Kiprin “Pafos” klubu ilə rəsmi müqaviləyə imza atıb.
Arena.az bu barədə Kipr klubunun rəsmi saytına istinadən xəbər verir.
“Pafos” Muradın transferini bu gün rəsmən açıqlayıb. 20 yaşlı cinah oyunçusu ilə 2030-cu ilin iyun ayınadək nəzərdə tutulmuş müqavilə imzalandığı diqqətə çatdırılıb.
2006-cı il aprelin 26-da anadan olmuş Murad “Pafos”a “Neftçi”dən keçib. Klubun açıqlamasında bildirilib ki, gənc yaşına baxmayaraq, futbolçu artıq həm ölkədaxili, həm də beynəlxalq səviyyədə dəyərli təcrübə qazanıb və Azərbaycan futbolunun ən perspektivli istedadlarından biri hesab olunur.
“Pafos”un bəyanatında bu transferin klubun gənc istedadlara yatırım etmək, gələcəyi qurmaq və futbol fəlsəfəsinə uyğun inkişaf potensialı olan oyunçularla heyəti gücləndirmək strategiyasının bir hissəsi olduğu vurğulanıb.
Klub sonda Muradı Kiprdə salamlayaraq ona yeni komandasında uğurlar arzulayıb.
Qeyd edək ki, 2024/2025-ci illər mövsümündən etibarən “Neftçi”nin əsas komandasının şərəfini qoruyan Murad Məmmədov bu müddət ərzində 41 oyun keçirib, 4 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.
Azərbaycanın U-17, U-18 və U-19 yığmalarında da oynamış Murad 2025-ci ildən U-21-də forma geyinir. O, gənclərdən ibarət milli komandamızın heyətində 11 matçda meydana çıxıb, 1 qola imza atıb, 1 məhsuldar ötürmə verib.
“Pafos”a gəlincə, bu komanda Kipr çempionatının geridə qalmış mövsümünü 62 xalla 4-cü pillədə başa vurub və ölkə kubokunun qalibi olub.
