Yuto Naqatomo Asiya futbolunda tarix yazdı
Futbol üzrə Yaponiya milli komandasının sol cinah müdafiəçisi Yuto Naqatomo dünya çempionatları tarixində yeni rekorda imza atıb.
Arena.az xəbər verir ki, 39 yaşlı müdafiəçi DÇ-2026-nın qrup mərhələsinin son turunda İsveçə qarşı keçirdikləri oyunda meydana çıxmaqla beş dünya çempionatında iştirak edən ilk asiyalı futbolçu olub.
Naqatomo qarşılaşmanın 75-ci dəqiqəsində, hesabın 1:1 olduğu vaxt əvəzlənərək meydana daxil olub.
Beləliklə, təcrübəli müdafiəçi Asiya futbolu tarixində unikal göstəriciyə nail olub. Daha əvvəl dünya çempionatlarının beş final mərhələsində Meksika yığmasının sabiq futbolçuları Antonio Karbaxal, Andres Quardado və Rafael Markes, Almaniya millisinin əfsanələri Lotar Matteus və Manuel Noyer, həmçinin Xorvatiya yığmasının kapitanı Luka Modriç iştirak ediblər.
Dünya çempionatlarında ən çox iştirak rekordları isə Kristiano Ronaldoya və Lionel Messiyə məxsusdur. Hər iki futbolçu altı mundialda çıxış edib.
Qeyd edək ki, Yuto Naqatomo Yaponiya millisinin heyətində 2011-ci ildə Asiya Kubokunun qalibi olub. O, milli komandada keçirdiyi 146 oyunla Yaponiya yığmasının tarixində ən çox forma geyinən ikinci futbolçudur. Bu göstəricidə yalnız karyerasını başa vurmuş Yasuhito Endodan (152 oyun) geri qalır.