Normal view

Before yesterdayARENA.AZ

Çimərlik güləşi millimiz Batumidə 2 medalla 3-cü oldu

22 June 2026 at 14:30

İyunun 20-də və 21-də Gürcüstanın Batumi şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının 2026-cı il mövsümünün 3-cü mərhələsi keçirilib.

Arena.az xəbər verir ki, milli komandamızın baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında qonşu ölkədə Rübail İbrahimli (70 kq), Sahib Dadaşov, Vüsal Əliyev (hər ikisi 80 kq), Əşrəf Aşırov, İlqar Nəzərli (hər ikisi 90 kq) və İslam İlyasov (+90 kq) mübarizə aparıblar.

Onlardan ikisi fəxri kürsüyə qalxıb. Əşrəf Aşırov (90 kq) uğurlu çıxış edərək yarışın qalibi olub. Bununla da həmyerlimiz ilk mərhələdəki nəticəni təkrarlayıb. Xatırladaq ki, Aşırov Vyetnamın Dananq şəhərində keçirilmiş analoji yarışda da çempion olmuşdu. Vüsal Əliyev (80 kq) isə Batumidə bürünc medalı boynundan asıb.

Beləliklə, çimərlik güləşi üzrə millimiz Dünya Seriyasının 3-cü mərhələsində 1 qızıl və 1 bürünc medal qazanmaqla komanda hesabında 55 xal toplayaraq İran (90) və Gürcüstandan (70) sonra üçüncü yeri tutub.

Qeyd edək ki, Dünya Seriyasında I-S dərəcəli hakimimiz Bəşir İsazadə də ədaləti qoruyanlar sırasında olub.

❌
❌