Normal view

Yesterday — 1 July 2026ARENA.AZ

AÇ-2024 ilə bağlı Almaniyada genişmiqyaslı əməliyyat

1 July 2026 at 18:00

Almaniyada hüquq-mühafizə orqanları AÇ-2024-ün təşkili zamanı baş verdiyi iddia olunan korrupsiya faktları ilə bağlı genişmiqyaslı əməliyyat keçirib.

Arena.az xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb.

Məlumata görə, polis Frankfurt şəhərində yerləşən Almaniya Futbol İttifaqının (DFB) baş qərargahında, eləcə də Almaniyanın bir sıra şəhərlərinin administrasiya binalarında axtarış aparıb. İstintaq 2024-cü ildə Almaniyada keçirilmiş Avropa çempionatı zamanı mümkün rüşvət və qanunsuz imtiyazların verilməsi ilə bağlı aparılır.

Bild-in yazdığına görə, iş üzrə 66 yaşlı Almaniya vətəndaşı və 46 yaşlı Fransa vətəndaşı şübhəli qismində araşdırılır. İddialara görə, AÇ-2024 oyunlarına aid minlərlə bilet və VIP dəvətnamə qanunsuz şəkildə müəyyən şəxslərə paylanıb. İstintaq bunu ayrı-ayrı şəxslərə sistemli şəkildə üstünlük verilməsi və mümkün rüşvət vermə halı kimi qiymətləndirir.

Araşdırma materiallarında qeyd olunur ki, turnirin təşkili məqsədilə Almaniya Futbol İttifaqı (DFB) ilə UEFA birgə “Euro 2024 GmbH” şirkətini yaratmışdı. Şübhəli Fransa vətəndaşı həmin qurumda ev sahibi şəhərlərlə əlaqələrə cavabdeh olub və şəhərlərin AÇ-2024 ofislərinin rəhbərlərini turnirin nüfuzlu oyunlarına dəvət edib.

Digər fiqurant isə Gelsenkirxen şəhərinin keçmiş inzibati əməkdaşıdır. Onun bu yolla İspaniya ilə Fransa arasında keçirilən yarımfinal matçına qatıldığı, yol və otel xərcləri də daxil olmaqla təxminən 2,4 min avro həcmində maddi üstünlük əldə etdiyi bildirilir.

Axtarışlar Berlin, Hamburq, Gelsenkirxen, Dortmund, Düsseldorf, Köln, Münhen, Frankfurt, Ştutqart şəhərlərinin administrasiyalarında, həmçinin Şimali Reyn-Vestfaliya və Bavariya əyalətlərində fəaliyyət göstərən üç şirkətin ofislərində həyata keçirilib.

Hazırda istintaq davam edir və hüquq-mühafizə orqanları məsələ ilə bağlı əlavə məlumat verməyib.

❌
❌