Kristian Pulişiç ciddi müalicə almalı olacaq
“Milan”ın və ABŞ yığmasının hücumçusu Kristian Pulişiç DÇ-2026-nın 1/8 final mərhələsinin Belçikaya qarşı oyununda (1:4) zədələnmişdi.
Arena.az xəbər verir ki, Pulişiçin əsaslı tibbi müayinəsi amerikalı futbolçunun 6 həftəlik müddətə sıradan çıxdığını təsdiqləyib.
Vurğulanır ki, Pulişiç “Milan”ın növbəti mövsüm ərəfəsində keçiriləcək hazırlıq mərhələsini bütünlüklə buraxmalı olacaq. Buna rəğmən, Pulişiçin, sentyabr ayında yaşıl meydanlara qayıdışı təxmin edilir.
Xatırladaq ki, Kristian Pulişiç futbola “Pensilvaniya Klassiks”in heyətində qədəm qoyub və buradan Avropaya – Dortmund “Borussiya”sının akademiyasına yol tapıb. Buradan “Çelsi”yə icarəyə yollanmış amerikan hücumçu daha sonra tamhüquqlu əsasda “zadəganlar”a qoşulub. 2023-cü ilin iyulunda isə “Milan” 20 milyon avro məbləğ müqabilində Pulişiçi heyətinə qatıb. Pulişiçin “Milan”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Kristianın “Milan” karyerası ümumilikdə 134 oyun, 42 qol və 27 məhsuldar ötürmədən ibarətdir.
Pulişiçin qənimətlər muzeyində “Borussiya” ilə qazandığı Almaniya Kuboku və “Çelsi” ilə qalib gəldiyi UEFA Çempionlar Liqası, UEFA Super Kuboku və FIFA Klub Dünya Kuboku var.
Pulişiç 2016-cı ilin mart ayında debüt etdiyi ABŞ yığmasının heyətində 90 oyun keçirib, 33 qol vurub, 23 məhsuldar ötürmə verib. Pulişiç “yankilər”lə 2 dəfə CONCACAF Millətlər Liqasını (2019/2020, 2022/2023) qazanıb.
“Transfermarkt” internet-portalı 27 yaşlı cinah hücumçusunun transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.