Normal view

Yesterday — 17 June 2026ARENA.AZ

Marko Arnautoviç Avstriya millisində daha bir rekorda imza atdı

17 June 2026 at 17:30

DÇ-2026-nın final mərhələsinin ilk turunun İordaniya ilə oyunu Avstriya yığmasının hücumçusu Marko Arnautoviç üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, təcrübəli futbolçu 3:1 hesabıyla qalib gəldikləri bu oyunda komandasının sonuncu qoluna imza atıb.

Bununla da o, Avstriya yığmasının rekordçusuna çevrilib. Belə ki, Marko
mundiallar tarixində qol vurmuş ən yaşlı avstriyalı futbolçu ünvanını əldə edib. FIFA-nın yaydığı məlumata görə, təcrübəli hücumçu bu rekordu 37 yaş 59 günlüyündə rəsmiləşdirib. O, bununla da uzunmüddətli rekordu yeniləyib. Əvvəlki rekord DÇ-1998-də Kamerun yığmasına qarşı matçda (1:1) bərabərlik qolunu vurmuş Toni Polsterə məxsus idi. Sözügedən futbolçu 34 yaş 93 günlüyündə fərqlənmişdi.

Xatırladaq ki, Marko Arnautoviç hazırda Serbiyanın “Srvena Zvezda” klubunda çıxış edir. 36 yaşlı forvard 2025-ci ilin yayında İtaliyanın “İnter” klubundan azad agent kimi ayrılaraq Serbiya təmsilçisi ilə 2 illik (2027-ci ilin 30 iyununa kimi) müqavilə imzalayıb. O, bu komandanın heyətində 32 oyuna çıxıb, 10 qol və 9 məhsuldar ötürmə müəllifi olub.

Arnautoviç daha əvvəl İtaliyada “İnter” və “Bolonya”nın, Niderlandda “Tvente”nin, Almaniyada “Verder”in, İngiltərədə “Vest Hem” və “Stok Siti”nin, Çində “Şanxay SİPQ” komandasının da formasını geyinib.

Marko Arnautoviç 2008-ci ilin oktyabr ayında debüt etdiyi Avstriya yığmasında 134 oyun keçirib, 48 qol vurub, 30 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 37 yaşlı hücumçunun transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

❌
❌