Nikolo Zaniolo “Qalatasaray”ı tərk etdi – Rəsmi
Futbol üzrə Türkiyə çempionu “Qalatasaray”ın italiyalı yarımmüdafiəçisi Nikolo Zaniolo İstanbul təmsilçisindən birdəfəlik ayrılıb.
Arena.az xəbər verir ki, o, karyerasını İtaliya A Seriyasında davam etdirməyə qərar verib.
“Udineze” ötən mövsüm bu komandada icarə əsasında çıxış etmiş 26 yaşlı futbolçunun müqaviləsindəki satınalma bəndini aktivləşdirərək Zaniolonun transfer hüquqlarına tam sahib olub. Bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb. Zaniolo ilə 2029-cu ilin yayına qədər rəsmi müqavilə imzalanıb.
“Udineze” bu keçid üçün İstanbul təmsilçisinə 5 milyon avro ödəyəcək. Razılaşmanın xüsusi bəndinə əsasən, italiyalı yarımmüdafiəçinin növbəti satışından əldə olunacaq gəlirin 50 faizi də məhz “Qalatasaray”ın büdcəsinə köçürüləcək.
Xatırladaq ki, Zaniolo “Qalatasaray”a 2023-cü ilin fevralında “Roma”dan keçmişdi. İstanbul təmsilçisinin heyətində 12 oyuna 5 qol vurub, 1 assist etmiş yarımmüdafiəçi burada möhkəmlənə bilməyib.
Nikolo Zaniolo İngiltərənin “Aston Villa”, İtaliyanın “Virtus Entella”, “İnter”, “Roma”, “Atalanta”, “Fiorentina” klublarında da forma geyinib.
İtaliya yığmasının da üzvü olan 25 yaşlı Zaniolo millinin heyətində 19 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 26 yaşlı italiyalı futbolçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.