Normal view

Yesterday — 4 July 2026ARENA.AZ

Rafael Vyeqas “İmişli”ni tərk etdi

4 July 2026 at 15:00

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “İmişli” sağ cinah müdafiəçisi Rafael Vyeqas ilə yollarını ayırdığını bəyan edib.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı braziliyalı müdafiəçi ilə müddəti bitmiş müqavilənin yenilənməsinə ehtiyac duyulmayıb. Klub ona xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

“İmişli” ötən gün “Zirə” ilə müqavilə bağlmış qapıçısı Hüseynəli Quliyevlə də yolları ayırdığını açıqlayıb. Qolkiper “Zirə” ilə 2 illik müqavilə imzalayıb. 26 yaşlı futbolçu daha əvvəl “Sumqayıt” və “Səbail”də də çıxış edib.

Rafael Vyeqas “İmişli”yə ötən ilin yayında Portuqaliyanın “San Juan de Ver” klubundan gəlmişdi. O, əyalət klubunun heyətində 32 oyuna çıxıb, 1 qola imza atıb.

Tam adı Rafael Ferreyra Vyeqas olan futbolçu Braziliyanın “Real Braziliya” klubunun yetirməsidir. O, Portuqaliyada “Aqueda”, “Şaveş”, “Salqyeros”, “Felqeyras”, “Vilaverdense”, Çexiyada “Znoymo” kimi klubların da formasını geyinib.

Xatırladaq ki, “İmişli” daha öncə Xəzər Mahmudov, Həzrət İsayev, Elmir Rəhimzadə, Riad Abbaszadə, Orxan Fərəcov, Lətif Rzayev və Abbas Ağazadə ilə də yollarını ayırmışdı. Tuncay Yusifli, İdris İnqilablı və İmam Əli ilə yeni müqavilə bağlamış klub Seyxan Fərəcovu transfer etmişdi.

❌
❌