Santyaqo Ximenes əməliyyat olunacaq
Futbol üzrə Meksika yığma komandasının və İtaliyanın “Milan” klubunun hücumçusu Santyaqo Ximenes ayaq biləyindən əməliyyat ediləcək.
Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.
Futbolçunun təxminən 6 həftə sonra meydanlara qayıda biləcəyi vurğulanır.
Xatırladaq ki, Argentinada dünyaya göz açmış Santyaqo Ximenes Meksikanın “Krus Asul” klubunun yetirməsidir. 2022-2025-ci illər aralığında Niderlandda “Feyenoord”un uğurları üçün çalışmış hücumçu “Milan”a bu ilin fevralında 30,2 milyon avro müqabilində keçib. Onun İtaliya klubu ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi var.
Ximenes “Milan”ın heyətində indiyə qədər 30 oyuna çıxıb, 7 qol və 5 məhsuldar ötürmə müəllifi olub.
Ximenes 2021-ci ilin oktyabr ayında debüt etdiyi Meksika yığmasında 46 oyuna çıxıb, 6 qol və 3 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 24 yaşlı hücumçunun transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.