“Bodo Qlimt” və Hauqedən tarixi rekord!
Norveçin “Bodo Qlimt” klubu, eləcə də bu komandanın hücumçusu Yens Petter Hauqe UEFA Çempionlar Liqasında (ÇL) rekorda imza atıb.
Arena.az xəbər verir ki, Norveç təmsilçisi ÇL-in pley-off mərhələsinin ötən gecə baş tutmuş cavab matçında İtaliya “İnter”ini 2:1 hesabı ilə məğlub edərək (ilk oyun – 3:1) XXI əsrdə unikal nailiyyət əldə edib.
Skandinaviya klubu Avropanın “Top-5” liqalarını təmsil edən rəqiblərinə qarşı ardıcıl 4 qələbə qazanmış ilk komanda olub. Norveçlilər “İnter”dən əvvəl “Mançester Siti”ni (3:1) və Madrid “Atletiko”sunu (2:1) üstələyiblər. Sonuncu dəfə belə nəticəni 1971/1972-ci illər mövsümündə Niderlandın “Ayaks” komandası göstərmişdi.
Norveç klubunun hücumçusu Yens Petter Hauqe isə UEFA Çempionlar Liqasında norveçli futbolçular arasında yeni rekord müəyyənləşdirib. O, cari mövsümdə turnirdə 6 qol vurub.
Bu, Norveç klubunun heyətində bir mövsümdə vurulan ən çox qol kimi tarixə düşüb. “Tottenhem” (İngiltərə) və “İnter”in (İtaliya) qapısına 2 dəfə yol tapan futbolçu “Borussiya” (Dortmund, Almaniya) və “Mançester Siti” ilə oyunlarda (İngiltərə) 1 dəfə fərqlənib.
Xatırladaq ki, “Bodo Qlimt” UEFA Çempionlar Liqasının pley-off mərhələsində “İnter”i iki oyunun nəticəsinə (3:1, 2:1) görə mübarizədən kənarlaşdıraraq 1/8 finala vəsiqə qazanıb. Norveç təmsilçisi növbəti mərhələdə “Mançester Siti” – “Sportinq” cütünün qalibi ilə qarşılaşacaq.