Ceymi Levelinq Almaniya millisindən kənarda qaldı
“Ştutqart”ın sağ vingeri Ceymi Levelinq aldığı əzələ zədəsi səbəbindən Almaniya milli komandasının düşərgəsini tərk edib.
Arena.az bu barədə Almaniya mətbuatına istinadən xəbər verir.
Levelinq martın 27-də İsveçrə və martın 30-da Qanaya qarşı keçiriləcək yoxlama görüşlərində iştirak edə bilməyəcək. Almaniya Futbol İttifaqından verilən məlumata görə, Ceyminin əvəzinə yığmaya yeni oyunçu dəvət olunmayacaq.
Xatırladaq ki, Almaniya yığmasında daha əvvəl Aleksandr Pavloviç və Feliks Nmeça da zədə səbəbindən sıradan çıxmışdı. Onları “Ştutqart”ın digər təmsilçiləri Kris Führix və Ancelo Ştiller əvəzləmişdi.
2023-cü ildən “Ştutqart”da çıxış edən 25 yaşlı Ceymi Levelinq cari mövsümdə 41 matçda 11 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Almaniya millisinə ilk dəfə 2024-cü ildə dəvət almış futbolçu yığmanın heyətində keçirdiyi 4 oyunda 1 qol vurub.
Peşəkar karyerasına “Qroyter Fürt”də başlamış Levelinq “Union Berlin”də də çıxış edib.