Normal view

Before yesterdayMain stream

Nils-Ole Bok – “Borussiya”nın yeni idman direktoru

24 March 2026 at 11:00

Keçmiş almaniyalı futbolçu, 40 yaşlı mütəxəssis Nils-Ole Bok Dortmund “Borussiya”sının idman direktoru vəzifəsinə təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə Almaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Məlum oludğu kimi, alman mütəxəssis Sebastyan Kel Dortmund klubu ilə qarşılıqlı razılaşma əsasında “Borussiya”nın idman direktoru vəzifəsindən istefa verib. “Borussiya” rəhbərliyi müvafiq vəzifəyə yeni təyinatını açıqlayıb. Dortmund klubu Ole Bokla müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Nils-Ole Bok vaxtilə “Ahlen”, “Duysburq”, “Roy Vays Ahlen”, “Vehen” kimi klubların formasını geyinib. Keçmiş yarımmüdafiəçi Almaniyanın U-16 və U-21 yığmalarında da çıxış edib.

Xatırladaq ki, Dortmund “Borussiya”sı Almaniya Bundesliqasının 2025/2026-cı illər mövsümündə 27 oyuna topladığı 61 xalla yarış cədvəlinin ikinci pilləsində qərarlaşıb. Komanda lider “Bayern”dən 9 xal geri qalır.

Sebastyan Kel “Borussiya”dan getdi

22 March 2026 at 22:00

Dortmund “Borussiya”sının idman direktoru vəzifəsində çalışan sabiq futbolçusu Sebastyan Kel Almaniya klubu ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Dortmund klubunun mətbuat xidməti məlumat yayıb.

Tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığa xitam veriblər.

Xatırladaq ki, Sebastyan Kel uzun illər “Borussiya”da çıxış edib. 46 yaşlı mütəxəssis 2018-ci ildən bu klubda peşəkar futbol şöbəsinə rəhbərlik etməyə başlayıb. O, 2022-ci ildən isə idman direktoru vəzifəsində çalışırdı. Kelinn fəaliyyəti dövründə komanda mütəmadi olaraq UEFA Çempionlar Liqasına vəsiqə qazanıb və 2024-cü ildə turnirin finalına yüksəlib.

Kel futbolçu kimi də Dortmund klubunun uğurlarında mühüm pay sahibi olub. O, komandada çıxış etdiyi illərdə 3 dəfə Almaniya çempionu olub, 1 dəfə Almaniya Kubokunu, 2 dəfə Almaniya Super Kubokunu qazanıb.

Emre Can “Borussiya” ilə yeni müqaviləyə imza atdı

21 March 2026 at 14:00

Almaniyanın “Borussiya” komandasının kapitanı, dayaq yarımmüdafiəçisi Emre Can Dortmund klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı türkəsilli almaniyalı futbolçu ilə yeni sözləşmə 2027-ci ilin yayına qədər qüvvədə olacaq. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti bu ilin yayında bitəcəkdi.

Dayaq yarımmüdafiəçisi olan Emre futbola “Blau Qelb” klubunda qədəm qoyub. Buradan Frankfurt “Ayntraxt”ı və ardınca Almaniya nəhəngi “Bayern”ə yol tapmış Can 2011-ci ildə böyük futbolda debüt edib.

Emre Can karyerası ərzində “Bayer”, “Liverpul” və “Yuventus”da çıxış edib. Dortmund “Borussiya”sı Emre Canı 2020-ci in iyulunda 25 milyon avro məbləğ müqabilində “Yuventus”dan tamhüquqlu əsasda öz düşərgəsinə qatıb. Buna qədər Can Dortmund klubunda icarə əsasında oynayıb.

Cari mövsümdə Emre “Borussiya”nın heyətində bütün yarışlarda 16 oyuna 3 qol vurub. Canın Dortmund komandasının heyətində çıxışının ümumi mənzərəsi 220 oyun, 23 qol və 12 məhsuldar ötürmədən ibarətdir.

Emre 2015-ci ilin sentyabrında debüt etdiyi Almaniya yığmasının heyətində 48 oyun keçirib, 2 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Emre Canın qənimətlər muzeyində “Bayern”lə qazandığı Almaniya Bundesliqası Çempionluğu, Almaniya Kuboku, Almaniya Super Kuboku və Çempionlar Liqası, “Yuventus”la qazandığı İtaliya A Seriyası çempionluğu (2 dəfə) və İtaliya Super Kuboku var. “Borussiya” ilə isə Emre Can Almaniya Kubokunun qalibi olub. Həmçinin Can “bundestim”lə 2017-ci il Konfederasiyalar Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 32 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

❌
❌