Andrey Sinenka bir müddət “İmişli”yə kömək edə bilməyəcək
Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “İmişli” klubunun əsas qapıçısı Andrey Sinenka zədələnib.
Arena.az xəbər verir ki, Belarusdan olan qolkiper Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 26-cı turu çərçivəsində qarşılaşdıqları “Turan Tovuz”la ev oyununda sıradan çıxıb.
Onu matçın 83-cü dəqiqəsində Hüseynəli Quliyev əvəzləyib. Sözügedən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Artıq Sinenkanın durumuna aydınlıq gəlib. Bölgə təmsilçisindən verilən məlumata görə, Belarusdan olan futbolçunun tibbi müayinəsi zamanı aşağı ətrafın addüktor əzələlərinə aldığı zərbə nəticəsində ağrı, şişlik və hərəkət məhdudiyyəti aşkarlanıb. Ona “bud addüktor əzələlərinin kontuziyası” diaqnozu qoyulub. Mövcud kliniki vəziyyət nəzərə alınaraq, funksional bərpanın təmin edilməsi və idmançının optimal fiziki vəziyyətə qaytarılması məqsədilə qapıçı 5-8 seanslıq fizioterapiya müalicəsinə cəlb olunub.
Xatırladaq ki, Andrey Sinenka cari mövsümün əvvəlindən formasını geyindiyi “İmişli”nin heyətində 29 oyuna çıxıb, 40 qol buraxıb, 10 matçda qapısını toxunulmaz saxlayıb.